Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 212 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu gün koronavirusdan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 339 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 629 nəfər müalicə olunaraq sağalıb, 4 999 nəfər vəfat edib. 2 646 nəfər aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7655, bu günə qədər isə ümumilikdə 3 943 568 test icra olunub.
Bununla yanaşı portala vaksinasiya ilə bağlı yalan məlumatların daxil edilməsi faktları aşkarlanıb.
Baş Prokurorluğun məlumatına görə, Bakı şəhəri, Suraxanı rayonu 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin ayrı-ayrı vətəndaşlara peyvənd vurulmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nda vaksin edilmələri ilə bağlı yalan məlumatları daxil etmələri müqabilində xəstəxananın inzibati binasında onlardan müxtəlif məbləğlərdə pul almalarına əsaslı şübhələr müəyyən edib. Faktla bağlı cinayət işi qaldırılıb.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin sayı 4 415 967, birinci mərhələ üzrə 2 602 510, ikinci mərhələ üzrə isə 1 813 457 olub.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi sentyabrın 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.