Accessibility links

Sorğu: Amerikalıların çoxu Baydenin virusla mübarizəsindən razıdır


Associated Press-in NORC İctimaiyyətlə Əlaqələr Araşdırmaları Mərkəzinin yeni bir anket sorğusu göstərir ki, Co Bayden prezidenliyinin ilk zamanlarında ictimaiyyətin 60 faizinin rəğbətini qazanıb. Onun bu günə qədərki iş performansı və koronavirusla mübarizə tədbirləri bu göstəriciyə təsir edib.

Amerikada dərin siyasi qütbləşmənin hökm sürdüyü bir vaxt Baydenin pandemiya ilə mübarizə səylərini təkcə bir partiyanın tərəfdarları dəstəkləmir. Belə ki, ümumi əhalinin 70 faizi, Respublikaçıların isə 44 faizi Demokrat Prezidentin virusla mübarizəsini dəstəkləyir.

Lakin Baydenin pandemiya səbəbindən zərər görən iqtisadiyyatı dirçəltmək səyləri amerikalılar tərəfindən şübhə ilə qarşılanır.

Anket sorğuları göstərir ki, amerikalıların 55 faizi Baydenin iqtisadiyyata indiyə qədərki yanaşmasını bəyənsə də, 63 faizi ABŞ iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür.

Ölkədəki Respublikaçıların isə cəmi 17 faizi pandemiya ilə mübarizə strategiyasından fərqli olaraq Baydenin maliyyə idarəçiliyini dəstəkləyir.

Prezidentlik vəzifəsinin icrasına iki ay öncə başkayan Bayden pandemiya ilə mübarizəni əsas hədəf olaraq seçib və amerikalıları sosial məsafəni saxlamağa, maska taxmağa çağırıb və peyvəndlərin paylanmasını sürətləndirməyə söz verib. O, eyni zamanda virusun yayılması nəzarət altına alınmayanadək iqtisadiyyatın tam bərpa olunmayacağını iddia edib.

Anket sorğusu həmçinin onu da göstərir ki, hazırda amerikalıların 48 faizi ölkənin doğru yolda irəlilədiyini düşünür. Dekabr ayında isə bu göstərici 37 faiz idi. Sorğu nəticələrinə əsasən hazırda amerikalıların 43 faizi ölkənin gələn il daha da yaxşılaşacağını düşünürsə, 34 fazi vəziyyətin pisləşəcəyini deyir. Sorğuda iştirak edənlərin cəmi 23 faizi isə vəziyyətin əvvəlki kimi qalacağını düşünür.

Lakin Bayden özü ABŞ-da həyatın pandemiyadan əvvəlki vəziyyətə dönməsi barədə proqnozlara ehtiyyatla yanaşır. O, may ayının sonuna qədər ABŞ-ın bütün amerikalılar üçün kifayət qədər peyvənd tədarükünə sahib olacağını vəd etsə də, maskalardan imtina və normal həyata qayıtmağın yalnız 2022-ci il əvvələrində mümkün ola biləcəyini bildirir.

XS
SM
MD
LG