Accessibility links

Sosial şəbəkələrdə “Mehman Hüseynova azadlıq!” aksiyası keçirilir


"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası
"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası

Dekabrın 26-dan həbsxanada aclığa başlayan bloger Mehman Hüseynov artıq 12-ci gündür aksiyasını davam etdirir. Mehman Hüseynovun aclıq aksiyası geniş ictimai rezonans doğurub. Artıq çoxsaylı insanlar aclıq aksiyasına qoşulub. Sosial şəbəkələrdə minlərlə insan “Mehman Hüseynova azadlıq!” şüarı altında onun müdafiəsi ilə bağlı statuslar paylaşmaqdadır. Maraqlıdır ki, sosial şəbəkələrdə daimi dolaşan “trol fabrikləri” də ictimai dəstəkçilərin qarşısında aciz qalıb, söz deyə bilmir. Trollar “demokratik ölkə”, “uğurlu və uzaqgörən siyasət” , “hüquqi dövlət” və bu kimi ifadələrdən artıq sözlər işlədə bilmir. Onların emosional ifadələrinə onlarla insan eyni cavabları verir.

Çoxsaylı sosial şəbəkə iştirakçısı blogerə qarşı qaldırılmış yeni cinayət işində zərərçəkmiş kimi tanınan Penitensiar xidmətin zabiti Əli Abdalovla bağlı ifşaedici statuslar yazır. Hətta insanlar Abdalova qarşı təhqiredici statuslar yazmaqdan belə çəkinmir.

Sosial şəbəkələrdə Mehman Hüseynova dəstək məqsədi ilə dərc edilmiş bəzi statusları, foto və plakatları təqdim edirik.

Hüquq müdafiəçisi Şəhla İsmayıl

yazır ki, bu gün Mehmanın müdafiəsi ilə bağlı bir addım atmayanlar, bilin ki, amansız bir bumeranqı işə salırsınız.

Həmrəylik - 31 dekabr açıqcası deyil! Həmrəylik - dəstəkdir!
Şəhla İsmayıl

“Əmin olun ki, sabah siz də eyni vəziyyətə düşəcəksiniz - rüşvətə güvənən kütbeyin həkim sizin sağ ayağınız əvəzinə sol ayağınızı kəsəcək, əri ilə yola getməyən müəllimə uşağınızı döyəcək, lampası oğurlanan qaranlıq blokda bacınız zorlanacaq, harın məmurun 15 yaşlı oğlu yolu keçən qoca atanızın üstündən saatda 200 kilometr sürətlə keçəcək və siz Mehmanı "məhkum" edən məhkəmədən imdad üçün müraciət edərək ədalət tapa bilməyəcəksiniz... Çünki bu gün susdunuz! Həmrəylik - 31 dekabr açıqcası deyil! Həmrəylik - dəstəkdir!” hüquq müdafiəçisi yazır.

"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası
"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası

Araşadırmaçı jurnalist Xədicə İsmayıl

yazır ki, heç bir ölkədə Azərbaycandakı qədər siyasi məhbus yoxdur.

Bizdə susmayan, qorxmayan insanlar həmişə var. O qədərdirlər ki, susmayanda özünü tənha hiss etmirsən. Susmayanın tutulanı 140 nəfərdir.
Xədicə İsmayıl

“Son zamanlar tez-tez eşidirəm: “bu millət üçün dəyməz”, “Xalq onsuz da oyanmır”, “kimə görə axı?” Bu tip şərhlərdən bezdim. Dəyər axı! Dəyər! Heç bir ölkədə bizdəki qədər siyasi məhbus yoxdur. Azacıq basqı görən kimi susur hamı başqa ölkələrdə. Belarus, Mərkəzi Asiya, başqa ölkələrdə bizdəkindən az repressiya ilə məhv etdilər hamını. Bizdə isə yox. Hələ varıq! Bizdə susmayan, qorxmayan insanlar həmişə var. O qədərdirlər ki, susmayanda özünü tənha hiss etmirsən. Susmayanın tutulanı 140 nəfərdir. Hələ bunun radara düşməyəni, yatıb çıxanı, sözünü bir az alçaqdan deyəni də var axı. Var! D Ə Y Ə R!!!”, xanım İsmayıl belə düşünür.

Şair Rüstəm Behrudi

Mehman Hüseynovun tezliklə azadlığa çıxacağına əmindir.

“Mən indi yox, həmişə insanların düşüncəsinə görə mühakimə olunmağının aleyhinə olmuşam! Mehmanla bağlı düşüncəm budur ki, ağır cinayət törətməmiş bir gənci azadlıqdan məhrum eləmək düzgün addım deyil! Onun tezliklə azadlığa çıxacağına əminəm!” o qeyd edir.

"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası
"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası

Ziyalılar və ictimai-siyasi xadimlər

Mətləb Mütəllimli, Hacıbaba Əzimov, Mirmahmud Mirəlioğlu, Rəhim Qaziyev, İsgəndər Həmidov, Ramiz Tağıyev, Əli Əliyev, Elşad Musayev,Əhməd Oruc, Ağası Şakiroğlu, İbrahim İbrahimli, Sərdar Əlibəyli Azərbaycan prezidenti İlham Əliyev müraciətində yazır ki, onlarda belə bir təəssürat yaranır ki, həyatını itirmək təhlükəsində olan gəncin taleyi prezidenti narahat etmir.

“Biz, bu müraciəti imzalayan şəxslər, Mehman Hüseynovun həyatına görə son dərəcə narahat olan digər insanlar sizdən xahiş və tələb edirik ki, təxirə salmadan onun hüquqlarını bərpa edib həyatını xilas edəsiniz. Əks halda, baş verə biləcək faciəyə görə məsuliyyət Sizin üzərinizdə qalacaqdır və biz də onun haqq işini dəstəkləmək üçün müxtəlif kütləvi aksiyalar həyata keçirəcəyik”, sənəddə qeyd edilir.

"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası
"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası

Norveç İnsan Haqları təşkilatının direktoru

və Şərqi Avropa və Cənubi Qafqaz üzrə təmsilçisi Ane Tusvik Bonded Mehman Hüseyunova dəstək olaraq blogerin portretini facebook səhifəsində yayıb. “Mehman Hüseynovu azad edin!” o yazıb.

Professor Qulu Məhərrənli sual edir.

“Həbsxana divarları arasında bloger Mehman Hüseynov ətrafında uğursuz şou quranlar bu addımın ölkə və dövlət adına ləkə gətirdiyini düşünürlərmi?” o yazır.

Sattar Akhmedov adlı şəxs

facebook səhifəsində belə maraqlı bir status yazıb:

“Bu qədər şoular kimə və nəyə lazımdır? Mehman Hüseynovun videolarında əks olunan məmurlar çoxdan işdən qovulmuşlar. Belələrini vaxtında aşkar etmək üçün məhz tənqidi materiallar hökumətə hava-su kimi gərəkdir. Mehman Hüseynov kimi blogerlər ölkə rəhbərliyinə çox lazımdır, çünki əyani surətdə ölkə başçısına doğru-düzgün məlumatlar çatdırır və vaxtında tədbirlər görmək imkanı qazanılır.

Görünür, bizi yalnız arvad paltarı geyinib əttökən səhnəciklərlə əyləndirmək, bir də səhərdən axşamadək teleekranlarda baş alıb gedən biabırçı və şit şoular, yersiz hırıltılarla mənəviyyatımızı zorlamaq fikrindədirlər
Sattar Akhmedov

Deməli, burada kimlərinsə maraqları var. Biz görürük ki, "Parni iz Baku" KVN teatrını necə ekranlardan və səhnələrimizdən uzaqlaşdırıblar . Çünki onlar da məmurları tənqid atəşinə tuturdular. Görünür, bizi yalnız arvad paltarı geyinib əttökən səhnəciklərlə əyləndirmək, bir də səhərdən axşamadək teleekranlarda baş alıb gedən biabırçı və şit şoular, yersiz hırıltılarla mənəviyyatımızı zorlamaq fikrindədirlər. Mən düşünmürəm ki, gənc bir bloger hakimiyyət üçün azacıq da olsa təhlükə törətsin, əksinə, dediyim kimi, belələri ölkədə qayda-qanunun möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərirlər.
Düşünürəm ki, haqq-ədalət sonda mütləq qalib gələcək və Mehman Hüseynov azadlığa çıxacaqdır. Qarabağ boyda dərdi olan millət bir-biri ilə yox, məkrli düşmənlə vuruşmalıdır!!!”, o yazır.

"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası
"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası

Hüquq müdafiəçisi Rəsul Cəfərov

yazır ki, Mehman Hüseynova qarşı ədalətsizlik təkcə onun özünə qarşı deyil, bütövlükdə cəmiyyətə, insanlara qarşı yönəlib.

“Mövcudluğu utanc gətirən siyasi məhbus probleminin həlli ölkəmizin milli maraqları baxımından da çox vacibdir. Bu ədalətsizliyə istənilən dinc və sivil etiraz, fleşmob, sosial şəbəkə fəallığı, dəstək məktubu, çağırış və istənilən digər qanuni və hüquqi addım Mehmanı qoruya bilər. Biganə qalmayın, Mehmanı birgə müdafiə edək!”, o bildirir.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istefada olan zabiti İlham İsmayıl

yazır ki, dünya - "Qarabağ azad edilməlidir" demək əvəzinə "məhbusları azad et" deyir.

“Tək Mehmanı yox, qalan 160 nəfəri də azad edin ki, dünya bizə normal gözlə baxsın,” İsmayıl qeyd edir.

"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası
"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası

Yazıçı Mehriban Vəzir

sual edir ki, Mehmanı müdafiə etməyənləri niyə qınayırsınız?

“Bu ölkədə kim kimi müdafiə edib ki? Hər zaman kiçik bir zümrə - bir komitəlik adam bir araya gəlib sözünü deyib. Bu da olub ictimai rəy. Buyurun, çağırın, kimin hünəri var gəlsin, kim gəlmir, boş verin. Elə adamların adlarını çəkirsiniz, təəccüblənirəm, axı onlar indiyə qədər kimi müdafiə ediblər, nəyə etiraz ediblər... Mehmana Azadlıq!” yazıçı belə düşünür.

Publisist Elnur Aslanbəyli

yazır ki, həqiqət günəş kimi əbədidir.

“Həqiqəti susdurmağa çalışmaq günəşi söndürməyə çalışmaq qədər əbəsdir. Sən gözlərini yummaqla günəş yox olmur. Əksinə, gözlərini açanda onlar daha çox qamaşacaqlar. Mehmana azadlıq!” o qeyd edir.

"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası
"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası

Professor Fərhad Mehdiyev

öz-özünə sual edir ki, öz övladlarımıza nə hazırlayırıq?

Biz hüquqi dövləti bərpa edəcəyik. Ac qalarıq, amma vicdanla, ruhən azad yaşayarıq.
Fərhad Mehdiyev

“Mehman Huseynovun həbsdə yatdığı və hər hansı təhlükə ərz etməsinin nəzəri olaraq imkansız olduğu bir halda şərlənməsi məsələsi - cəmiyyət üçün lakmus kağızı rolunu oynayır. Mehmanı müdafiə etmək, şərləməyə etiraz etmək, bizim öz övladlarımız qarşısında olan məsuliyyətimizdir. Əgər bir gələcək nəsillərə hüquqi, özbaşınalıqdan uzaq, firavan dövlət qoymaq istəyiriksə, ölkədə hüququn və qanunçuluğun üstünlüyünü bərqərar etmək istəyiriksə, özümüz naminə Mehmana olanlarla bağlı susmamalıyıq. Biz daha gözəl ölkədə yaşamağa layiqiq və yaşayacağıq. Biz hüquqi dövləti bərpa edəcəyik. Ac qalarıq, amma vicdanla, ruhən azad yaşayarıq,”professor insanları şər ritorikasından çəkinməyə çağırır.

"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası
"Mehman Hüseynova azadlıq!" şüarı ilə müdafiə kampaniyası

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etnəkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov
Mehman Hüseynov

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG