Norveçin “Statoil” neft-qaz şirkəti “Şahdəniz” layihəsi və “Cənubi Qafqaz qaz kəməri”ndəki 15,5%-lik payını Malayziyanın “Petronas” şirkətinə satıb.
Bu barədə “Statoil” şirkətinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, razılaşmanın ümumi dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edir. Aidiyyatı hökumət orqanlarının razılaşmanı 2015-ci ilin əvvəlinə ratifikasiya edəcəyi gözlənilir.
“Statoil” şirkətinin vitse-prezidenti Lars-Kristin Baxer əldə olunan razılaşmanı şərh edərkən bildirib ki, Norveç şirkəti uzun illərdir bu dəyərli layihədə iştirak edərək böyük səmərə əldə edib.
Onun sözlərinə görə, şirkətin layihələrdəki payını “Petronas” şirkətinə satması şirkətin portfelini optimallaşdıracaq və şirkətin maliyyə sabitliyini gücləndirəcək.
“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator - 28,8%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.