Dekabrın 30-da manat dollara nisbətdə 0.010 manat da ucuzlaşaraq avronun manata nisbətinə yaxınlaşıb. Belə ki, valyutadəyişmə məntəqələrində 1dollar=1,70 manata, 1 avro=1,72 manata satılır.
Mərkəzi Bankın dekabrın 30-na olan məzənnəsinə görə 1 dollar=1,5594AZN, 1 avro= 1,7046 AZN-dir.
Xatırladaq ki, son günlər valyuta bazarında təşviş yaranıb. Dollara tələbat çox olduğundan bir çox valyutadəyişmə məntəqələri dollar satışını dayandırıb.
Mərkəzi Bank əhalini şayiələrə uymamağa çağırıb.
“Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şayiələrə inanmasınlar”, bankın məlumatında deyilir.
AMB bildirir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 manat müəyyənləşdirilib.
AMB xatırladır ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.