Accessibility links

“Azərbaycanda müstəqil QHT-lərin durumunda yaxşılaşma yoxdur”


"Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumu

Hökumətin qrantların və xarici donorların qeydiyyatı qaydalarının sadələşdirilməsi haqqında bəyanatına baxmayaraq, müstəqil Qeyri Hökumət Təşkilatlarının (QHT) fəaliyyəti üçün vəziyyətdə heç bir yaxşılaşma yoxdur.

"Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun iyunun 2-də keçirilən iclasında səslənən əsas fikir bundan ibarət olub.

Ziya Quliyev
Ziya Quliyev

Tədbir "Avrasiya" Tərəfdaşlıq Fondu ilə birgə təşkil edilib.

Milli Platformanın koordinatoru Ziya Quliyev qeyd edib ki, İşçi Qrup platformanın insan hüquqları, demokratiya və qanunun aliliyi məsələləri ilə məşğul olan dörd seksiyasından biridir.

"QHT-lərin heç bir layihəsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib"

İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu vətəndaş cəmiyyətinin vəziyyəti və açıq hökumətin perspektivləri haqqında məruzə ilə çıxış edib.

Qubad İbadoğlu
Qubad İbadoğlu

O, Azərbaycan vətəndaş cəmiyyətinin tarixini üç dövrə bölüb: 1993-2003-cü illər - vətəndaş cəmiyyətinin yaranması, 2003-2009-cu illər - inkişafı, 2008-ci ildən sonra müstəqil vətəndaş cəmiyyəti institutlarının sıxışdırılması və böhran.

2013-2014-cü illərdə qanunvericiliyə qrantların və xarici donorların qeydiyyatını xeyli çətinləşdirən mürtəce düzəlişlər edilib.

2017-ci ilin yanvarında prezidentin qrantların və donorların "vahid pəncərə" prinsipi üzrə qeydiyyatı prosedurlarının sadələşdirilməsi haqqında sərəncamları verilib. Amma heç bir real sadələşmə baş verməyib. Belə ki, xarici donor növbəti qrantı verərkən hər dəfə qeydiyyatdan keçməlidir. Bundan başqa, Maliyyə Nazirliyinin layihənin "iqtisadi cəhətdən məqsədəuyğunluğunu" təsdiq etməsi qaydası saxlanılıb.

Təsadüfi deyil ki, son beş ay ərzində müstəqil QHT-lərin heç bir layihəsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib.

İbadoğlu qeyd edib ki, 2016-cı ilin dekabrında ABŞ səfirliyinin 760 dollarlıq kiçik qrantı təqdim edilib, amma indiyədək o, qeydiyyata alınmayıb.

Bundan başqa, hazırda Ədliyyə Nazirliyinin səlahiyyətləri terrorizmə qarşı mübarizə bəhanəsi ilə QHT-lərin sənədlərinin araşdırılmasına qədər artırılıb.

Qanunvericilik məhdudiyyətindən başqa, normal mühit də yoxdur: fəallar həbslərə məruz qalır, ofislər bağlanıb, bank hesabları bloklanıb, cərimələr tətbiq edilib, vergilər əsassız olaraq yazılır, tədbirlər üçün konfrans zalları verilmir, fəallar xaricə gediş-dönüşlərdə alçaldıcı yoxlamalara məruz qoyulur, çoxlarına isə çıxış qadağan edilib.

"Bugünkü tədbirimiz belə, qrant çərçivəsində deyil, xidmət müqaviləsi çərçivəsində keçirilirsə, QHT-lər üçün hansı mühitdən danışa bilərik?" İbadoğlu sual edib.

O, xidmət müqavilələrinə qrantlardan fəqli olaraq kommersiya qurumları üçün müəyyən edilmiş vergi qoyulmasına diqqət çəkib.

İbadoğlu həmçinin bildirib ki, hakimiyyət beynəlxalq "Açıq hökumət" təşəbbüsünün prinsiplərinə məhəl qoymur. Onlar bunun yerinə bənzərini - yalnız hakimiyyətyönümlü QHT-lərin Açıq Hökuməti platformasını yaradıblar.

"Hakimiyyət "Xəzər" Universitetinin 1,5 mln. avroluq layihəsinin qeydiyyatından imtina edib"

Vətəndaş Cəmiyyəti Platformasının üzvü Ələsgər Məmmədli təsdiq edib ki, QHT-lərin iş şəraiti real olaraq yaxşılaşa bilməz, çünki qanunvericilikdə son illər tətbiq edilmiş məhdudlaşdırıcı normalar ləğv edilməyib.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

O qeyd edib ki, prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı qrantlar vətəndaş cəmiyyətinə dəstək deyil, hökumətin piarı xidmətlərinin ödənişidir.

Məmmədli təhsilə dəstək qrantlarının belə qeydiyyata alınmadığına diqqət çəkib. Belə ki, hakimiyyət "Xəzər" Universitetinin 1,5 mln. avroluq layihəsinin qeydiyyatından imtina edib.

Bundan başqa, hələ 2014-cü ildə QHT-lərə qarşı başlamış cinayət işi çərçivəsində təqiblər bərpa edilib. Xüsusən, dünən "Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucov həbs edilib.

"Heç bir səfirlik QHT-lər üçün öz qrantlarını qeydiyyatdan keçirə bilməyib"

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov qeyd edib ki, beynəlxalq təşkilatlar sanki prinsiplərinin pozulduğu vəziyyətlə barışıblar. Bu yaxınlarda Qərb diplomatik missiyalarının iştirakı ilə keçirilən tədbirlərdə məlum olub ki, heç bir səfirlik QHT-lər üçün öz qrantlarını qeydiyyatdan keçirə bilməyib.

Akif Qurbanov
Akif Qurbanov

Amma Avropa İttifaqının nümayəndələri bildiriblər ki, payızda onların qrant proqramı olacaq və onlar problem olmayacağına ümid edirlər. Qurbanov bu nikbinliyi əbəs hesab edir, belə ki, hökumət QHT-lərə münasibəti ilə, onları "düşmən", "beşinci kolon", "xarici dövlətlərin casusları" kimi görməklə müstəqil vətəndaş cəmiyyəti üçün şərait yaratmaq istəyinin olmadığını göstərir.

Konfransda həmçinin fəal və vəkil Səməd Rəhimlinin "Siyasi hüquqların və vətəndaş hüquqlarının cari vəziyyəti" mövzusunda məruzəsi dinlənilib.

XS
SM
MD
LG