Avqustun 2-də Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Saatlı rayonunun Qaracalar kənd (Bakıdan 191 kilometr qərb) sakinləri yol təmiri layihəsinin başa çatmasını qeyd edib. Tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib. Bu barədə USAİD-in məlumatında deyilir.
Layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.
Təmir olunmuş 600 metrlik yol 1200-dən çox kənd sakininin həyat şəraitini yaxşılaşdıracaq. Yeni yol sakinlərin Saatlı rayon mərkəzinə çıxışını asanlaşdıracaq, gediş-gəliş vaxtını və xərcini azaldacaq, məktəbə davamiyyəti artıracaq, habelə fövqəladə vəziyyətlərdə yardım göstərmək imkanlarını yaxşılaşdıracaq.
Ümumilikdə, EWMI Azərbaycanın 88 icmasında 150 000-dən artıq insanın faydalana biləcəyi 100 icma layihəsi həyata keçirib.