Accessibility links

Səməd Rəhimli: LGBT- fərdlərin saxlanma şəraiti adekvat deyil [Audio-Müsahibə]


LGBT in Azerbaijan

Rəsmi orqanlar saxlanılanların hamısının azad edildiyini bildirir

Hüquqşünas Səməd Rəhimov Amerikanın Səsinə müsahibəsində LGBT nümayəndələrinin həbsi və onların hüquqlarının müdafiəsindən danışıb.

Amerikanın Səsi: Bu günlərdə yerli mediada bir çox LGBT nümayəndələrinin həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar nə qədər realdır?

Səməd Rəhimli: Bu məlumatlar kifayət qədər realdır. Bu tutulan şəxslərin, onların yaxınlarının və yaxud bu sahədə işləyən təşkilatlardan gələn ilkin məlumatlardır. Daha sonra hüquqi prosedurda bu məlumatlar dəqiqləşdirildi və müəyyən olundu ki, onlar toplu və kütləvi qaydada tutulublar. Bəziləri inzibati qaydada həbs edilib, bəziləri isə cərimələnib.

Amerikanın Səsi: Hazırda neçə nəfər həbsdədir?

Səməd Rəhimli : Bizim məlumat ala bildiyimiz 45 nəfər var ki onlara 10 sutkadan 30 sutkaya qədər, əsasən də 20 sutkaya qədər inzibati həbs cəzası verilib. 11 nəfərin cərimələnməsi barədə məlumatımız var. Bu bizim əlimizdə olan informasiyadır, yəni bütöv informasiya deyil.

Amerikanın Səsi: Onların hüquqlarının müdafiəsi hansı vəziyyətdədir?

Səməd Rəhimli: Onların dostları və bu işlə məşğul olan təşkilatlar vasitəsilə vəkillər bu məsələyə apellyasiya mərhələsində qoşulub. İlk dəfə inzibati tutulanlar var ki, onlara ilkin mərhələdə hüquqi yardım təşkil olunmayıb.

Rəsmi ittiham polisin qanuni tələblərini yerinə yetirməmək ilə bağlıdır. Yəni, digər işlərdə də geniş istifadə olunan ittihamdır. Və onlara qarşı buna görə inzibati həbs tənbehi həyata keçirilib.

Amerikanın Səsi: Onlar indi harada saxlanılır?

Səməd Rəhimli: Onların bir neçəsi inzibati həbs olunanların saxlanma yerindədir, bir neçəsi isə yer olmadığı üçün rayon polis idarələrinin müvəqqəti saxlanma yerində saxlanılır. Həm də inzibati həbs olunanların saxlanma yeri köhnədir və ora təkmilləşdirilməyib. Həm də orada məhbus sıxılığı var. Həmçinin rayon polis idarələrinin müvəqqəti saxlanma yeri də adekvat deyil. Çünki həmin yerlər şəxslərin 48 saat üçün saxlanılmasını nəzərdə tutur. Həmin yerlərdə şəxslər 20 sutka, 30 sutka saxlanılırlar. Hesab edirik ki, orada saxlanma yeri adekvat deyil.

Amerikanın Səsi: Tutulanlarla bağlı səhiyyə müəssisələri yoxlamalar aparıbdırmı?

Səməd Rəhimli : Dəri zöhrəvi dispanseri və rayon dispanserlərinə aparılıblar.

Amerikanın Səsi: Neçə nəfərdə xəstəlik müəyyən edilib?

Səməd Rəhimli: Neçə nəfərini dəqiq deyə bilmərəm. Bizdə olan şəxslərin mütləq əksəriyyətində (bir-ikisi istisna olmaqla) hər hansı xəstəlik müəyyən olunmayıb.

Amerikanın Səsi: Yuxarı məhkəmə instansiyalarına müraciət edilibdirmi?

Səməd Rəhimli: Apellyasiya şikayəti verilibdi. Amma, hələ şikayətə nə vaxt baxılacağı bəlli deyil.

Rəsmi məlumat

Öz növbəsində, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşlarının sentyabrın 15-dən 30-dək keçirdiyi tədbirlərlə 83 nəfər saxlanılıb.

Məlumata əsasən, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilib, 56 şəxs barəsində müxtəlif müddətlərə inzibati həbs tənbehi seçilib, 18 nəfər inzibati qaydada cərimə, 9 nəfərə xəbərdarlıq edilib.

"Lakin saxlanılan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin müraciətləri nəzərə alınaraq inzibati həbs olunanlardan 32 nəfəri müalicə üçün Dəri-Zöhrəvi dispanserlərə göndərilən, zöhrəvi xəstəlik aşkar edilməyən 24 nəfər inzibati həbsdən azad edilib. Hazırda tutulmuş şəxslərdən heç biri həbsdə deyil", məlumatda deyilir.

Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə, 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6 nəfərdə QİÇS, 6 nəfərdə HİV, 16 nəfədə -da sifilis, 2 nəfərdə kəskin uretrit, candida albikas və trixomonias, 2 nəfərdə isə Hepatit HVC virusu aşkarlanıb, digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir.

"Ayrı-ayrı kütləvi informasiya vasitələrində cinsi azlıqlara qarşı guya təqiblərin olması və onların hüquqlarının pozulması barədə deyilənlər, belə iddialar tamamilə əsassızdır, reallığı əks etdirmir. Bir daha qeyd etməyi vacib hesab edirik ki, belə tədbirlərin keçirilməsində məqsəd yalnız ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınmasıdır", birgə məlumatda deyilir.

XS
SM
MD
LG