Accessibility links

Əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilib


Pensiya
Pensiya

Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcəlk. Prezident İlham Əliyev fevralın 9-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir. Bundan əlavə, nazirlik fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

Səlim Müslümov: Artım pensiyaçıların 94 faizinə şamil olunacaq

Səlim Müslümov
Səlim Müslümov

Əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov bu gün keçirdiyi mətbuat konfransın­da deyib ki, artım pensiyaçıların 94 faizinə şamil olunacaq.

“Cənab prezidentin sərəncamının icrası olaraq əmək pensiyalarının ümumi məbləğinin 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək. Bununla bağlı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu artıq müvafiq işlərə başlayıb. 1 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır.

Pensiyaçı
Pensiyaçı

Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s. kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq”, nazir qeyd edib.

Müslemovun sözlərinə görə, 1 yanvar 2018-ci il vəziyyətinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 208,36 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 233,68 manat təşkil edir.

Nazir deyib ki, fevral ayının pensiyalarının ödənişi zamanı pensiyalar yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcək.

Natiq Cəfərli: Bu normal hesablama deyil

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli bildirib ki, nazirliyin hesablaması normal hesablama ilə müqayisədə hökumətə hər təqaüdcüyə münasibətdə 4-5 manat qənaət etməyə imkan verib.

Normalda 2017-ci ilin minimum əmək haqqı (116 manat) illik inflyiasiya rəqəminə (13%) vurulmalı, artım (131 manat) belə hesablanmalı idi", iqtisadçı qeyd edib.

Qubad İbadoğlu: Pensiyaların artımı xərcləri qarşılamaq iqtidarında deyil

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində yazıb ki, Dövlət Statistika Komitəsinin 2017-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat olub.

“Belə olan halda bütün növ əmək pensiyaları orta hesabla 5,7 faiz artır. Bu o deməkdir, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpiklik artıma məruz qalacaq”.

İqtisadçı bildirib ki, yeni metodologiyaya görə, cari il üçün əmək pensiyaları əvvəlki ilin rəsmi inflyasiya məbləğinə deyil, orta aylıq nominal əmək haqqının illik artım artım tempinə uyğun olaraq indeksləşdirilir.

Economist Intelligence Unitin son hesablamalarına görə 2005-ci ilə nisbətən Azərbaycanda qiymətlər 245,6 faiz, Gürcüstanda 177,4 faiz, Ermənistanda 164,5 faiz artıb.

“Əmək pensiyaların baza hissəsi ləğv edildiyi üçün indeksləşdirməyə bütün pensiya məbləği məruz qalması müsbət dəyişiklik hesab edilsə də bu sosial öhdəliklərin ədalətli icrasına xidmət etmir. Belə ki, köhnə qaydaya görə daha çox sığorta ödənişi edənlər indeksləşdirmədən də çox qazana bilərdilər. Bu zaman pensiyanın sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsinə müvafiq olaraq indeksləşdirlirdi. Əgər nəzərə alsaq ki, 2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz bahalaşıb, onda əvvəlki metodika üzrə 12.8 faizlik indeksləşdirmə tətbiq olunmalı idi”.

Qubad İbadoğlu yazır ki, Economist Intelligence Unitin son hesablamalarına görə 2005-ci ilə nisbətən Azərbaycanda qiymətlər 245,6 faiz, Gürcüstanda 177,4 faiz, Ermənistanda 164,5 faiz artıb.

“Göründüyü kimi yeni indeksləşdirmə metodu ilə pensiyalara əlavə olunan 10-15 manat qiymətlərin bahalaşması nəticəsində artan xərcləri qarşılamaq iqtidarında deyildir”, o qeyd edib.

Nazim Bəydəmirli: Gürcüstan modelinə keçilməlidir

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

İqtisadçı Nazim Bəydəmirli facebook səhifəsində yazır ki, sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq.

“Nəzərə alaq ki, bu il 164.5 milyon manat indeksləşməyə pul əlavə olunacaq. Hər pensiyaçıya ildə 133 man 09 qəpik, ayda isə 11 manat 09 qəpik artım olacaq. Bu il Dövlət Sosial Müdafiə Fondu dövlət büdcəsindən də 1 milyard 300 milyon manat dotasiya alacaq”.

İqtisadçı fikrincə, bu artım sosial müdafiə demək deyil.

“Ölkə Gürcüstan modelinə keçməli və Dövlət Sosial Müdafiə Fondunu ləğv etməlidir”, o qeyd edir.

XS
SM
MD
LG