Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədri Fuad Rzayev Amerikanın Səsinə müsahibəsində müharibə veteranları və əlillərinin sosial durumu barədə danışıb.
Amerikanın Səsi: Azərbaycan Respublikasında nə qədər müharibə veteranı var? Onların sosial durumu necədir?
Rəsmi olaraq 70 min civarında Qarabağ müharibəsi veteranı var. Amma, bu 70 min veteranın əslində, təxminən yarısı saxta veteranlardır.
Fuad Rzayev: Azərbaycan Respublikasında bu gün rəsmi olaraq 70 min civarında Qarabağ müharibəsi veteranı var. Amma mən lap açıq danışım ki, bu 70 min veterandan əslində, təxminən yarısı saxta veteranlardır. Yəni heç bir döyüşdə olmamış veteranlardır. Ümumiyyətlə vətən uğrunda canını qoymuş, vuruşmuş, çox döyüşlərdə iştirak etmiş veteranların durumu yaxşı deyil. Yumşaq desək yaxşı deyil.
Amerikanın Səsi: Hökumətin qayğısı necədir? Onlara sosial yardımlar, pensiyalar verilirmi?
Fuad Rzayev: Pensiyalar Qarabağ əlillərinə verilir. Veteranlara isə 55 manat müavinət verilir. Veteranla ümumiyyətlə hər hansı lqot (üstünlük) nəzərdə tutulmayıb. Onlara yalnız kommunal ödənişləri kompensasiya etmək üçün 55 manat vəsait verilir.
Amerikanın Səsi: Ölkədə müharibə əlillərinin sayı nə qədərdir? Onlara nə qədər müavinat verilir?
Azərbaycanda 12 mindən bir az çox müharibə əlili var.
Fuad Rzayev: Azərbaycanda 12 mindən bir az çox müharibə əlili var. Üç qrup müharibə əlilləri (1-ci, 2-ci, 3-cü qrup) var. Orta rəqəmi götürək. İkinci qrup Qarabağ müharibəsi əlili dövlətdən 165 manat (bu il 10 faiz artırılıb) alır. Bundan əlavə isə 143 manat prezident təqaüdü verilir. İkisini birləşdirəndə ayda 325-330 manat edir.
Amerikanın Səsi: Bu pensiyalar əlillərin sosial ehtiyaclarını qarşılaya bilirmi?
Fuad Rzayev: Yox. Təbii ki, sosial ehtiyacları qarşılaya bilmir. 330 manatla sosial ehtiyacını qarşılayır, ailəsini, özünü dolandırır desəm, bu lətifəyə oxşayar, gülməli çıxar. Çox çətindir. Hansısa Qarabağ əlillərinə şirkətlər yardım edir. Bizim təşkilatda da çoxsaylı Qarabağ əlilləri var. Onlarla bağlı da şirkətlərə müraciət etmişik. Onların da bəzilərinə yardımlar ayrılıb. Bəzilərinə hansısa şəkildə yardım edirlər. Qarabağ əlilləri vəziyyətdən belə çıxır.
Amerikanın Səsi: Durumun yaxşılaşdırılması üçün hökumətə nələri təklif edərdiniz?
Müharibə əlillərinin sıralarında təxminin 3 minə yaxın saxta əlillər var.
Fuad Rzayev: Hökumətə, Nazirlər Kabinetinə dəfələrlə təkliflər paketi təqdim etmişik. Amma hələ ki, cavab verməyiblər. Müharibə əlillərinin vəziyyətinin yaxşılaşdırılması üçün çox təkliflər vermişik. Biri elə odur ki, müharibə əlillərinin sıralarında təxminin 3 minə yaxın saxta əlillər var. Bunu da onlara dövlətin əlilliklə məşğul olan orqanları verir. Heç vaxt müharibədə olmayan, heç bir yara almayan minlərlə insan var ki, Qarabağ əlili statusu verilib. Məncə, ən azı onların təqaüdləri kəsilib, həqiqi müharibə əlillərinə verilməlidir. Ona da inanmıram. Bir də deyirəm, müharibə əlillərinin vəziyyəti ürəkaçan deyil .