Accessibility links

Asan imza-nın aylıq abunə qiyməti 2,5 dəfə artırılır


Asan imza
Asan imza

Bu il avqustun 15-dən başlayaraq ASAN imza (mobil imza) istifadəçiləri aylıq abunə haqqı kimi 1 manat əvəzinə 2 manat 50 qəpik ödəyəcəklər. Bununla əlaqədar Azercell Telekom xəbərdarlıq edib.

Azercell-in mətbuat xidməti bildirib ki, Mobil İmza xidmətlərinin birbaşa provayderi olan Best Solutions tarifə yenidən baxmağı təklif edib. O, bu addımı öz xərclərinin əhəmiyyətli artımı ilə izah edib.

Asan imza istifadəçiləri üçün aylıq abunə haqlarının artırılacağı barədə məlumat tənqidlərlə qarşılanıb. Müstəqil ekspertlər hətta “Asan imza”nın ləğv edilməsini təklif edir.

“Təəssüf ki, sözügedən bazarda rəqabətin zəif olması mobil operatorların asanlıqla və hətta eyni gündə belə kəskin qiymət artımlarına zəmin yaradır". İqtisad elmləri doktoru Vüqar Bayramov Facebook səhifəsində yazıb.

"Şirkət bunu xərclərin artması ilə əlaqələndirib. Bildirilib ki, digər mobil operatorlar da qiymət artımına gedəcək. Amma nəyin hesabına xərcin nə az- nə çox 2.5 dəfə artmasının səbəbləri açıqlanmır".

İqtisadçı hesab edir ki, digər operatorların da eyni gündə qiymət artımlarına getmələri məhz mobil kommunikasiya bazarının liberallaşdırılmasının vacibliyini bir daha artırır.

Onun fikrincə, bu, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin diqqətini cəlb etməlidir.

"Digər tərəfdən, elektron iqtisadiyyatın inkişafının prioritet olduğu bir halda "Asan İmza"ya görə ayda 2.5 manat ödəmək elektron xidmətlərə marağı azalda bilər. Elektron xidmətlərin daha aşağı xərclər ilə əldə edilməsinin özü də prioritet olmalıdır. Ümumiyyətlə, hökumət ASAN imzanı ləğv edilərək onun əvəzinə pulsuz elektron imza sisteminin tətbiqinə çalışmalıdır", ekspert qeyd edir.

Hüquqşünas Aslan İsmayılov facebook səhifəsində yazır ki, Azercell-in xərcinin artmasında günahkar istifadəçilər deyil.

“Əhalinin gəlirləri ve o gəlirə uygun gəlməyən xərclər nəzərə alınmalıdır. Təəssüf ki, nəzərə alınmır. Əmək halqarı aşağı xərclər isə yuxarıdır. Anormallıq var”, o qeyd edib.

İqtisadçı Samir Isayev yazır ki, dövlət yeni şəxsiyyət vəsiqələri vasitəsilə e-imza imkanlarını artırmaq siyasəti yürütdüyü halda ASAN imzanın çətinləşdirilməsinin kimə xidmət etdiyi məlum deyil.

XS
SM
MD
LG