Accessibility links

Urmiyə gölünün cənub hissəsinin bu il tamamilə quruya biləcəyi deyilir


Qərbi Azərbaycan vilayətində bir rəsmi, bu il mövcud tendensiyaların davam edəcəyi təqdirdə Urmiyə gölünün cənub hissəsinin tamamilə quruya biləcəyi haqda xəbərdarlıq edib.

Bu barədə Hamshahrionline xəbər saytı məlumat yayıb.

Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Təşkilatının texniki məsələlər üzrə müavini Höccət Cabbarinin dediklərinə görə, son illər ərzində Urmiyə gölünün vəziyyəti nisbi şəkildə yaxşılaşmışdı, ancaq son zamanlarda yağışların azalması və tələb olunan su payının gölə buraxılmaması səbəbindən, həmçinin Urmiyə gölünün canlandırılması üçün bəzi layihələrin yekunlaşmadığından dolayı bu gölün vəziyyəti yenidən böhranlı vəziyyətə gəlib.

Höccət Cabbari Urmiyə gölünə su axınının azaldığı təqdirdə bu il Urmiyə gölünün böyük hissəsinin, xüsusən də cənub hissəsinin itirirələyi barədə xəbərdarlıq edib.

Urmiyə gölünün səthi, sahəsi və suyunun həcmi bu il ötən ilin eyni dövrü ilə müqayisədə ciddi şəkildə azalıb.

Hazırda Urmiyə gölünün səthi 1270,77 metr təşkil edir. Bu da ötən illə müqayisədə gölün səthinin 66 sm azaldığını göstərir.

Hazırda gölün sahəsi 2489 kvadrat kilometrdir ki, bu, gölün sahəsinin ötən illə müqayisədə 1015 kvadrat kilometr kiçildiyini göstərir.

Urmiyə gölünün su həcmi ötən ilin eyni dövründə 5,29 milyard kubmetr olub, ancaq gölün indiki su həcmi 3,11 milyard kubmetrdir.

Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini bu il Urmiyə gölünün 3,4 milyard kubmetr su payından sadəcə 700 milyon kubmetrinin gölə buraxıldığını bildirib.

İranın َArman-e Melli qəzeti Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Təşkilatının sözlərinə toxunaraq, hökumətin Urmiyə gölünün canlandırılması üçün heç bir əhəmiyyətli tədbir görmədiyini tənqid edib. Həmin qəzet qeyd edib ki, “keçən il yay mövsümündə quraqlıq səbəbilə içməli su və əkinçiliyə su ehtiyatlarının ayrılması məqsədilə bəndlərin suyu gölə buraxılmayıb. Bunun ardından gölün vəziyyətinin pisləşməsi bir öncəki il gölün vəziyyətinin yaxşılaşmasının səbəbinin sadəcə yağıntılar və bəndlərdən gölə buraxılan su payının olduğunu göstərmiş oldu.”

Ətraf mühit ekspertləri Urmiyə gölünün quruması və duz çölünün üzə çıxması nəticəsində duz fırtınalarının ciddi şəkildə bölgədə yaşayan əhalinin həyatına geri dönməz təsirlər buraxacağı haqda xəbərdarlıq edir.

XS
SM
MD
LG