Accessibility links

BMT-nin baş katibinin müşaviri Qarabağdakı vəziyyətlə bağlı narahatlığını ifadə edib


Alis Vairimu Nderitu
Alis Vairimu Nderitu

BMT baş katibinin soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri Alis Vairimu Nderitu Azərbaycanın son "hərbi eskalasiyası ilə bağlı" narahatlığını ifadə edib və sentyabrın 20-də elan olunan atəşkəsi qeyd edərək, "gələcək zorakılıqların qarşısının alınmasının və regionda bütün insanların hüquqlarını qoruyan davamlı sülhün təmin edilməsinin" vacibliyini vurğulayıb.

"Hərbi fəaliyyət yalnız onsuz da gərgin olan vəziyyəti eskalasiya etməyə və bölgədəki mülki əhalini soyqırım riski və buna bağlı vəhşilik cinayətləri də daxil olmaqla zorakılıq riski altına atmağa gətirib çıxara bilər. Zorakılığın qarşısını almaq və sülhü qorumaq üçün bütün səylər göstərilməlidir,” xüsusi məsləhətçi qeyd edib.

Vairimu Nderitu dialoq və sülh, habelə 4 iyul tarixində İnsan Hüquqları Şurasının 53-cü sessiyası zamanı gərginliyin artmasının qarşısının alınmasına dair etdiyi çağırışını təkrarlayıb və "zorakılığın günahsız və həssas mülki şəxslərə təsirini" vurğulayıb.

“Regionda əvvəlki hərbi eskalasiyalar mülki əhaliyə əhəmiyyətli dərəcədə mənfi təsir göstərib; və son eskalasiya nəticəsində mülki əhali arasında itkilər barədə də məlumatlar var. Həmçinin regionda tez-tez gərginliyin artmasına səbəb olan nifrət və bölücü narrativlərdən istifadə edildiyinə dair xəbərlər yayılıb. Zorakılıq və nifrət bir-birini gücləndirir,” o deyib. “Biz nifrət və parçalanmanın artıq olmadığı bir gələcək qurmaq üçün çalışmalıyıq. Mən bütün tərəfləri beynəlxalq humanitar hüquqa və insan hüquqlarına tam riayət etməklə konstruktiv dialoqu və danışıqları təşviq etməyə çağırıram”- deyə, Vairimu Nderitu əlavə edib.

Xüsusi müşavir həmçinin son hadisələrin bu yaxınlarda əraziyə humanitar yardımın çatdırılmasında əldə olunan irəliləyişə rəğmən baş verməsi ilə bağlı narahatlığını ifadə edib və yardımın davam etdirilməsinin zəruriliyini vurğulayıb.

“Ərazidəki əhaliyə müəyyən qədər humanitar yardımın çatdırılması beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq davam etdirilməli olan müsbət bir addımdır,” o deyib. “Bütün insanlar nifrətdən, etibarsızlıqdan, aclıqdan və münaqişələrdən azad bir həyat yaşamağa layiqdirlər,” xüsusi müşavir qeyd edib.

Forum

XS
SM
MD
LG