Accessibility links

Stefan Şennak: Azərbaycanda media azadlığı yoxdur


Stefan Şennak

Yanvarın 28-də AŞPA-nın qış sessiyasında “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnamə qəbul edilib.

"Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmalı, söz və media azadlığını təmin etməli, mətbuat azadlığı və təhlükəsizliyi sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün real addımlar atmalıdır" - deyə, qətnamədə bildirilib.

Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak (Avstriya) Amerikanın Səsinə müsahibəsində deyib ki, Azərbaycanda mətbuat azadlığının durumunun yaxşılaşdırılması üçün qanun dəyişilməlidir ki, höküməti tənqid edən, həqiqətləri yazan jurnalistlər həbs olunmasın. Onun sözlərinə görə, jurnalistlərin azad işləyə və məsələləri işıqlandıra bilmələri mühümdür.

Şennak Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olmaqla yanaşı, həm də media azadlığı və jurnalistlər üzrə baş məruzəçi olduğunu söyləyib. “Mən indi xüsusilə mətbuat azadlığı və jurnalistlərlə məşğul olmalıyam. Mən Avropa Şurasına üzv ölkələrdəki hər bir jurnalistin həbsdən çıxması üçün mübarizə aparmalıyam” - deyə, o bildirilib.

Stefan Şennak Azərbaycanın media sahəsindəki öhdəliklərini yerinə yetirmədiyini deyib. “Azərbaycanda media azadlığı yoxdur. Sizin hökümət və qanunvericilər, məsələn, blogerlərin nə etdiyini anlamır. Blogerlik fikri azad şəkildə ifadə etməyin yoludur və və araşdırmaçı jurnalistlərin azad və təhlükəsiz şəkildə fəaliyyət göstərə bilmələrini, insanların qanun pozuntuları haqda qorxu olmadan şikayət edə bilmələrini təmin etmək üçün dünənki qətnaməyə daxil edilib”, o bildirib.

Şennak Malta, Slovakiya və Bolqarıstan və Ukraynadada jurnalistlərin öldürüldüyünü, Türkiyə və Rusiyada çox sayda jurnalistin həbsdə olduğunu söyləyib. O həmçinin Azərbaycanda da həbsdə jurnalist və blogerlərin olduğunu deyib. Şennak bu ölkələri Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməyə çağırıb. "Əgər bu ölkələr Avropa Şurasının media məsələləri ilə bağlı öhdəliklərini yerinə yetirəcəklərsə, blogerləri dərhal azadlığa buraxmalıdırlar”, o deyib.

XS
SM
MD
LG