Accessibility links

Məşhur nəzəriyyəçi fizik Stiven Hokinq vəfat edib


Kainatın başlanğıcından tutmuş qara dəliklərə kimi bir çox fəza məsələlərini araşdıran məşhur britaniyalı fizik Stiven Hokinq bu gün 76 yaşında vəfat edib.

Ailə sözçüsü onun Kembricdə yerləşən evində keçindiyini bildirib. Hokinq on illərdir Kembric Universitetinin “Lukasian” Riyaziyyat Professorluğu vəzifəsində çalışırdı.

“O, gözəl alim və qeyri-adi insan idi. Onun gördüyü işlər və irsi uzun illər yaşayacaq” deyə, Hokinqin övladları Lüsi, Robert və Tiç yaydıqları bəyanatda bildirib.

Ona 21 yaşında ikən yan amiotrofik skleroz diaqnozu qoyulub. Xəstəlik nəticəsində Hokinq həyatını sonunadək əlil arabasında keçirib və danışmaq qabiliyyətini itirib.O, nitq sintezatoru ilə ünsiyyət qura bilib.

Həkimlər onun bir neçə il yaşayacağını təxmin etsə də, Hokinq uzun illər yaşayıb və diqqətini işinə ayırıb. Buna isə Albert Eynşteynin böyük əşyaların hərəkətini təsvir edən Nisbilik Nəzəriyyəsi ilə subatomik hissəciklərə dair Kvant Mexanikası Nəzəriyyəsi arasındakı boşluğu doldurmaq daxil idi.

“Mənim məqsədim sadədir. Mən kainatı tam başa düşmək istəyirəm. Nə üçün o olduğu kimidir, nə üçün mövcuddur” , Hokinq deyib.

Onun 1988-ci ildə yazdığı “Zamanın qısa tarixi” adlı kitabı dünya boyu ən çox satılan kitablar siyahısına daxil olub və Hokinqin məşhurlaşmasına səbəb olub.

Onun ən böyük uğurlarından biri qara dəliklərlə bağlı araşdırması olub. Həmin araşdırmada Hokinq kiçik miqdarda radiasiyanın cazibə qüvvəsindən yayına biləcəyini göstərib. Bu fenomen isə Hokinq radiasiyası kimi tanınır.

Hokinq həmçinin, insanların Ay və Marsa səyahətinin tərəfdarı idi. O bunun insanlığı yüksəldəcəyinə inanırdı.

XS
SM
MD
LG