Accessibility links

Avropa qışa "dəhşətli şəkildə başlayan" ukraynalılara əlavə yardım vəd edir


Avropa rəsmilərinin Ukraynanın istiliklə təmin edilməsi və fəaliyyətini davam etdirməsi üçün daha çox dəstək vəd etdiyi bir vaxt, NATO-nun başçısı Yens Stoltenberq noyabrın 25-də deyib ki, Rusiyanın mülki infrastruktura raket hücumları ukraynalıları istiliksiz, işıqsız və ərzaqsız qalaraq, soyuq qış mövsümünə "dəhşətli” şəkildə başlamasına səbəb olub.

Brüsseldə danışan Stoltenberq deyib ki, Rusiya prezidenti Vladimir Putin "Ukraynada uğursuzluğa düçar olur və buna daha qəddarlıqla cavab verir".

Stoltenberq deyib ki, NATO nə qədər lazımdırsa Ukraynanın yanında olmağa davam edəcək. Onun sözlərinə görə, alyans üzvləri Ukraynaya "misli görünməmiş hərbi dəstək" və digər yardımlar edir.

Onun sözlərinə görə, NATO ölkələri eləcə də Ukraynaya yanacaq, generatorlar, tibbi ləvazimat, qış avadanlıqları və dronların qarşısını alan sursat tədarük edir. Lakin o əlavə edib ki, qış yaxınlaşdıqca, xüsusən də Rusiya Ukraynanın enerji infrastrukturunu hədəf almağa davam etdikcə, daha çox yardıma ehtiyac olacaq.

Rusiya qüvvələri Ukrayna hökümətinə zərbə endirmək məqsədilə Ukraynanın elektrik şəbəkəsinə və digər mühüm mülki infrastrukturuna hücumlar həyata keçirir.

Rusiya qüvvələrinin 9 ay əvvəl amansız hərbi müdaxiləyə başlamasından bəri ən böyük fasilələrə səbəb olan növbəti dağıdıcı raket hücumlarından iki gün sonra, noyabrın 25-də paytaxt Kyiv və Ukraynanın digər bölgələrində elektrik və su təchizatının bərpası üçün səylər hələ də davam edirilir.

Kyiv meri Vitali Kliçko noyabrın 25-də Kyiv sakinlərinin təxminən yarısının hələ də işıqsız qaldığını bildirib.

"Kyivdəki evlərin üçdə birində artıq istilik var və mütəxəssislər onu bərpa etməyə davam edir" - deyə, Kliçko Telegram kanalında yazıb.

Ukrayna rəsmiləri son hücumların ölkənin enerji obyektlərinin təxminən 50 faizini zədələdiyini təxmin edir.

Ukraynanın Qərb müttəfiqləri Rusiyanın enerji sisteminə hücumlarını "müharibə cinayəti" olduğunu deyərək pisləsələr də, Moskva yalnız hərbi infrastrukturu hədəf aldığını israr edir və elektrik enerjisinin kəsilməsində Kyivi günahlandırır.

XS
SM
MD
LG