Accessibility links

Strasburqda Azərbaycanda siyasi məhbuslarla bağlı dinləmələr keçirilib


Aprelin 9-da Strasburqda Avropa Şurasının Parlament Asambleyasının yaz sessiyası çərçivəsində AŞPA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Tədbiri açan Hüquqi Məsələlər və İnsan Hüquqları komitəsinin sədri, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Torhildur Sunna Eyvarsdottir (İslandiya) deyib ki, bu ilin martında onlarla siyasi məhbusun azadlığa çıxmasına səbəb olan əvf fərmanından sonra bu problem hələ də tam həllini tapmayıb. Bu günə qədər hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı 70-ə yaxın insan həbsdədir.

"Bundan başqa, bu yaxınlarda azad edilən şəxslərin bəziləri yenidən və yenə siyasi motivlərlə həbs edilib, gənc fəal Bayram Məmmədov kimi" - deyə, o qeyd edib.

Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak (Avstriya) qeyd edib ki, Azərbaycanda siyasi məhbuslara qarşı çox vaxt narkotik və vergi ödənişindən yayınma ittihamlarından istifadə olunur. O, rəsmi Bakının ölkədə siyasi məhbus probleminin olmaması barədə iddialarını qəbul etməyib.

"Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə müəyyən öhdəliklər götürüb və biz bu çərçivədə məsələ ilə məşğul oluruq" , o qeyd edib.

Hüquq müdafiəçisi Leyla Yunus çıxışında deyib ki, 2013-cü ilin yanvarında AŞPA üzvləri Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin əleyhinə səs verib.

Hamımızı həbs etdilər, bunun nəticəsi olaraq bu gün ölkədə faktiki olaraq vətəndaş cəmiyyəti, müstəqil QHT və KİV yoxdur.
Leyla Yunus, hüquq müdaffiəçisi

"Bununla da onlar Azərbaycanda daha dəhşətli repressiyalara yaşıl işıq yandırıblar. Hamımızı həbs etdilər, bunun nəticəsi olaraq bu gün ölkədə faktiki olaraq vətəndaş cəmiyyəti, müstəqil QHT və KİV yoxdur," o qeyd edib.

Yunus siyasi məhbuslar probleminə toxunaraq, Ermənistanın xeyrinə casusluqda ittiham olunan və həbsdə işgəncələrə məruz qalan hərbiçilərdən və mülki şəxslərdən ibarət qrupun işini xüsusi qeyd edib. O, 2016-cı ildə Tərtər rayonunda təqsiri sübuta yetirilmədən işgəncə verilərək öldürülən yeddi hərbiçinin siyahısını təqdim edib.

AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı dinləmələr keçirilib (Foto Rəsul Cəfərovun facebook səhifəsindəndir)
AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı dinləmələr keçirilib (Foto Rəsul Cəfərovun facebook səhifəsindəndir)

REAL Partiyasının sədri İlqar Məmmədov müzakirələrdə Skype vasitəsilə iştirak edib. O, məhkəmə qərarı olmasına baxmayaraq, hakimiyyətin ona pasport vermədiyini, buna görə Strasburqa gələ bilmədiyini bildirib.

"AŞPA üzvlərinə üz tutaraq qeyd etmək istəyirəm ki, hakimiyyətin Azərbaycanda islahatlar haqqında heç bir təminatına inanmasınlar. Siyasi məhbuslar yaradılması mexanizmi dəyişməyib və burada nəyisə dəyişmək üçün siyasi iradə yoxdur," o qeyd edib.

Ölkənin Avropa Şurasına üzv olduğu müddət ərzində insan hüquqları və demokratiya sahəsində vəziyyət durmadan pisləşib.
İlqar Məmmədov, REAL Partiyasının sədri

"Ölkənin Avropa Şurasına üzv olduğu müddət ərzində insan hüquqları və demokratiya sahəsində vəziyyət durmadan pisləşib. Təəssüf ki, AŞPA qurumları Azərbaycanda siyasi məhbuslar yaranmasının qarşısını almaq üçün heç nə etməyib. `Cəzasızlıq atmosferi` hakimiyyətə belə şeylər etməyə imkan verir," deyən Məmmədov Avropa Şurasını Azərbaycana qarşı münasibətinə yenidən baxmağa çağırıb.

Nümunə kimi o, rəsmi Bakının Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına məhəl qoymamasını göstərib. Eyni zamanda, Avropa Şurasının treyninqlər verdiyi hakimlər sonradan siyasi məhbuslara hökmlər çıxarır.

Hüquq müdafiəçisi Rəsul Cəfərov çıxışında hakimiyyətin hüquq müdafiəçilərinin siyasi məhbuslar məsələsini qaldırmaqla Azərbaycanı biabır etməsi və onun imicinə xələl gətirməsi barədə ittihamlarını təkzib edib.

"Biz ölkəmizi sevirik və məhz buna görə siyasi məhbuslar problemini həll etməyi tələb edirik," Cəfərov Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırıb.

Bəli, Azərbaycanda siyasi məhbuslar var - onlar Ermənistanın işğal etdiyi rayonlardan olan 1 mln. qaçqınlardır.
Səməd Seyidov, Milli Məclisin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri

Müzakirələr zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov müzakirə iştirakçılarını qeyri-obyektivlikdə və siyasi ambisiyalarda ittiham edib. O, toplaşanları Azərbaycanda siyasi təqiblər barədə iddialara inanmamağa çağırıb.

Son olaraq Səməd Seyidov "Bəli, Azərbaycanda siyasi məhbuslar var - onlar Ermənistanın işğal etdiyi rayonlardan olan 1 mln. qaçqınlardır," deyə bildirib.

Seyidovun auditoriyanı dediklərinə inandırmaq cəhdi yalnız təbəssüm doğurub və tədbirə sədrlik edən Torhildur Sunna Eyvarsdottir deyib ki, o, siyasi məhbus problemi üzrə məruzəçidir və Azərbaycanda nə baş verdiyini yaxşı bilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG