Accessibility links

Sudan generalı hökumətin devrilməsinin vətəndaş müharibəsinin qarşısını almaq üçün zəruri olduğunu deyib


General Əbdül-Fəttah Burhan
General Əbdül-Fəttah Burhan

Sudanın hərbi komandanı, general Əbdül-Fəttah Burhan çərşənbə axşamı ordunun ölkənin keçid hökumətini devirməsinin vətəndaş müharibəsinin qarşısının alınması üçün zəruri olduğunu deyib.

"Bütün ölkə siyasi rəqabət səbəbindən dalana dirənib. Son iki ilin təcrübəsi keçid dövründə siyasi qüvvələrin səhv və ixtilaf yaratdığına sübut oldu" - deyə, Burhan Xartumda televiziya ilə keçirilən mətbuat konfransında deyib.

Bazar ertəsi həbs edilən devrilmiş baş nazir Abdalla Hamdok və həyat yoldaşına çərşənbə axşamı evlərinə qayıtmağa icazə verilib. Lakin onun ofisindən verilən açıqlamada onların "yaxından nəzarət altında" olduqları bildirilib.

Burhan, həmçinin "nazirləri və siyasətçiləri həbs etdik, lakin hamısını deyil" - deyə, etiraf edib. O, bəzilərinin dairə ordusunda üsyanı qızışdırmaq iddiası ilə məhkəmə qarşısına çıxarılacağını bildirib.

BMT Təhlükəsizlik Şurası vəziyyəti müzakirə etmək üçün çərşənbə axşamı qapalı iclas keçirib. İclasda Birləşmiş Ştatlar, şuranın üzvləri olan Britaniya, Estoniya, Fransa, İrlandiya və Norveç iştirak edib. BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Volker Pertez onlara Xartumdan məlumat verib.

İclasdan əvvəl şuranın bir neçə üzvü hökumətlərinin Sudandakı çevrilişi pislədiyini və etirazçılara qarşı zorakılığa son qoyulmasının vacibliyini bir daha təkrarlayıb.

"İki il əvvəl Sudan xalqı demokratiya uğrunda həyatlarını təhlükəyə atıb və onlar bunu bir daha etməməlidir" - deyə, Britaniyanın səfiri Barbara Vudvord iclasdan əvvəl jurnalistlərə bildirib.

Hərbi komandir general Əbdül-Fəttah Burhan hakimiyyətin ələ keçirilməsindən bir neçə saat sonra ölkədə fövqəladə vəziyyət elan edib və uzun müddət hakimiyyətdə olan avtokrat prezident Ömər Əl-Bəşirin devrilməsindən az sonra ölkəni 2019-cu ilin avqustundan bəri idarə edən birgə mülki-hərbi şuranın fəaliyyətinin başa çatdığını elan edib.

O, 2023-cü ilin iyulunda ümumi seçkilər keçirildikdən sonra ordunun hakimiyyəti mülki hökumətə təhvil verəcəyinə söz verib.

BMT-nin Baş katibi Antonio Quterreş, Afrika Birliyi və Ərəb Liqası bazar ertəsi Sudanda baş verən son hadisələrə görə narahatlıqlarını ifadə edib və ölkəni mülki idarəçiliyə doğru gedən yolda qalmağa çağırıb.

XS
SM
MD
LG