Accessibility links

Hərbçilərin keçid hakumətini devirməsindən sonra Sudanda etirazlar davam edir


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Sudanda keçid hökumətinin hərbi yolla devrilməsi məsələsini müzakirə etmək üçün çərşənbə axşamı qapalı iclas keçirməyə hazırlaşır.

Nümayişçilər baş nazir Abdalla Hamdokun və hakim Suveren Şuranın digər rəsmilərinin həbsinə etiraz olaraq bazar ertəsi Sudanın paytaxtı Xartumun küçələrinə çıxıb.

Hərbi komandir general Əbdül-Fəttah Burhan hakimiyyətin ələ keçirilməsindən bir neçə saat sonra ölkədə fövqəladə vəziyyət elan edib və uzun müddət hakimiyyətdə olan avtokrat prezident Ömər Əl-Bəşirin devrilməsindən az sonra ölkəni 2019-cu ilin avqustundan bəri idarə edən birgə mülki-hərbi şuranın fəaliyyətinin başa çatdığını elan edib.

General Burhan televiziya ilə çıxışında "ölkənin təhlükəsizliyini təhdid edən siyasi çəkişmələrə" görə şuranı və hökuməti ləğv etdiyini bildirib və "texnokratlardan ibarət yeni hökumətin tezliklə təyin olunacağını" bəyan edib.

O, 2023-cü ilin iyul ayında ümummilli seçkilərin keçiriləcəyi zaman ordunun hakimiyyəti mülki hökumətə təhvil verəcəyinə söz verib.

Sudanın Həkimlər Komitəsi bazar ertəsi təhlükəsizlik qüvvələrinin Xartumda nümayişçilərə atəş açması nəticəsində azı 4 nəfərin öldüyünü və azı 80 nəfərin yaralandığını bildirib.

Zorakılıqlara baxmayaraq, etirazçılar çərşənbə axşamı yenidən Xartum küçələrinə çıxaraq, çevrilişi pisləyib və “hərbi idarəyə yox” şüarları səsləndirib.

ABŞ-ın Sudandakı səfirliyi ölkədəki amerikalılara evlərindən çıxmamaları barədə xəbərdarlıq edib.

BMT-nin Baş katibi Antonio Quterreş, Afrika Birliyi və Ərəb Liqası bazar ertəsi Sudanda baş verən son hadisələrə görə narahatlıqlarını ifadə edib və ölkəni mülki idarəçiliyə doğru gedən yolda qalmağa çağırıb.

Ağ Ev Sudanda baş verənlərlə bağlı "həyəcanlandığını", ABŞ Dövlət Departamenti isə ölkəyə 700 milyon dollarlıq maliyyə yardımını dayandırdığını bildirib.

XS
SM
MD
LG