Accessibility links

Sudanda münaqişə iki aydan çoxdur davam edir


Sudanda dağıdıcı müharibə cümə axşamı üçüncü ayına daxil olub. Bu arada isə qubernatorun qətli ölkənin qərbindəki Darfur regionunda yeni eskalasiyaya səbəb olub.

Aprelin 15-dən bəri Əbdel Fəttah əl-Burhanın başçılıq etdiyi ordu ilə onun keçmiş müavini Məhəmməd Həmdan Daqlonun idarə etdiyi yarı-hərbi Çevik Dəstək Qüvvələr arasında gedən döyüşlər paytaxt Xartumda çox sayda məhəllənin dağılmasına səbəb olub.

Döyüşlər daha sonra digər vilayətlərə, ələlxüsus da Darfura yayılıb və Silahlı Münaqişənin Yeri və Hadisə Məlumatları Layihəsinin keçən aya aid son göstəricilərinə əsasən, nəticədə azı 1800 insan həyatını itirib.

Burhan Çevik Dəstək Qüvvələrini çərşənbə günü Qərbi Darfur vilayətinin qubernatoru Xamis Abdullah Abakarı “xain hücumda” öldürməkdə ittiham edib.

Abakar Səudiyyə Ərəbistanın televiziya kanalına telefonla müsahibəsi zamanı yarı-hərbi dəstənin üzvləri ilə bağlı tənqidi şərhlər edəndən sonra ələ keçirilərək, öldürülüb.

Darfur Vəkillər Assosiasiyası onun “qətlini” “barbarlıq, amansızlıq və vəhşilik” aktı adlandıraraq pisləyib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ümumilikdə Sudandakı müharibə təxminən 2.2 milyon insanı evindən didərgin salıb.

Təşkilat bildirir ki, onlardan 528 mini qonşu ölkələrə qaçıb.

“Biz ən pis gözləntilərimizdə belə, müharibənin bu qədər uzun davam edəcəyini gözləmirdik,” Xartumdakı evindən qaçan Məhəmməd əl-Həsən Otman bildirib.

O, AFP-yə deyib ki, “həyatımızda hər şey dəyişib. Biz evə gedə bilib-bilməyəcəyimizi yoxsa yeni həyata başlamalı olub-olmadığımızı bilmirik.”

“Tamamilə viran olub”

“Bizim heç nəyimiz qalmayıb,” Xartum sakini Əhməd Taha deyir. “Bütün ölkə tamamilə viran olub.”

“Hara baxsanız, bombaların düşdüyü, güllələrin dəydiyi yerləri görərsiniz. Sudanın hər qarışı fəlakət zonasıdır.”

ABŞ və Səudiyyə Ərəbistanının vasitəçilik səyləri hər iki tərəfin atəşkəsləri pozması səbəbilə dalana dirənib.

BMT-nin məlumatına görə, rekord 25 milyon insan, yəni ölkə əhalisinin yarısından çoxunun yardıma ehtiyacı var. BMT lazım olan maliyyənin yalnız bir qismini topladığını bildirir.

Səudiyyə Ərəbistanı gələn həftə beynəlxalq yardım konfransı təşkil edəcəyini açıqlayıb.

XS
SM
MD
LG