Sudanda bir qrup həmkarlar ittifaqından ibarət koalisiya peşəkarların qeyri-müəyyən müddət davam edən tətili vasitəsilə höküməti “iflic” etməyi planlaşdırdığını bildirir.
Həkimlər və digər xəstəxana işçiləri bazar ertəsi işə getməməyi və yalnız təcili tibbi yardıma ehtiyacı olanları müalicə etməyi planlaşdırır.
Koalisiya bütün sudanlıları Bəşir hakimiyyətinə qarşı küçə etirazlarını davam etdirməyə çağırır. Bu etirazlar ötən həftə ərzaq və yanacaq çatışmazlığı, eləcə də çörəyin qiymətinin kəskin artması nəticəsində başlayıb.
Etirazların çərşənbə günü başlamasından bəri ölənlərin sayının 8 ilə 22 arasında olduğu bildirilir.
Hökümət rəsmiləri etirazlara görə təxrbatçıları günahlandırır.
Dövlətə məxsus xəbər agentliyi atdığı tvittdə bildirib ki, Sudan ordusu “rəhbərliyinin arxasındadır” və ölkənin təhlükəsizliyi və şərəfini mühafizə edəcək.
Sudan prezidenti Ömər Bəşir 1989-cu ildə islamçıların başçılığı ilə baş tutan çevriliş nəticəsində hakimiyyəti ələ keçirib. Həmin çevrilişdə demokratik yolla seçilən Sadiq Əl-Mehdi hakimiyyətdən devrilib. Hazırda o, Sudanın müxalifət lideridir.
Daha öncə də Bəşir ona qarşı etiraz edənlərə dözümlülük göstərməyib.