Accessibility links

Beynəlxalq təşkilatlar Suriyada humanitar böhranın daha da dərinləşdiyi barədə xəbərdarlıq edir


Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara hərəkatlarının liderləri ikinci onillikdir müharibənin davam etdiyi və siyasi böhranın həll yolunun tapılmadığı Suriyada əzab içərisində yaşayan milyonlarla insanın vəziyyətinin daha da ağırlaşdığı barədə xəbərdarlıq edib.

Suriyada yaşayan mülki əhali hərbi əməliyyatlar, insan haqlarının kobud şəkildə pozulması, iqtisadiyyatdakı tənəzzül, xroniki aclıq və COVID-19 pandemiyası kimi çox sayda problemlərdən əziyyət çəkməyə davam edir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi Suriyadakı əhalinin təxminən dörddə üçünün, 13 milyona yaxın insanın yaşamaq üçün beynəlxalq humanitar yardıma ehtiyacı olduğunu bildirib. Komitənin dediyinə görə, bu, bir il əvvəllə müqayisədə 20 faiz çoxdur.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (ICRC) prezidenti Piter Maurer əhalinin vəhşiliklərə məruz qaldığını və bunların çoxunun beynəlxalq humanitar qanunlara zidd olduğunu deyib. O, buna əsasən şəhərlərdə təcili yardım maşınları, su anbarları, bazarlar kimi mülki obyektlərın və mülki şəxslərin hədəf alındığını hücumların daxil olduğunu bildirib.

Piter Maurer "Dünyada mülki vətəndaşların öldürüldüyü və digər pozuntuların olduğu münaqişə bölgələri var və biz onları da izləyirik" deyib və əlavə edib ki, Suriya illər boyu baş verən dağıntılar və şəhərlər yerlə yeksan olması, çox sayda insanın didərgin və ya itkin düşməsi səbəbilə qeyri-adi bir yerə çevrilib.

13 mindən çox könüllüsü və işçisi olan Suriyanın Ərəb Qızıl Aypara təşkilatının prezidenti Xalid Hbobati könüllülərinin də acınacaqlı şəraitdə yaşadıqlarını, onlardan 65 nəfərin mülki vətəndaşların həyatlarını xilas edərkən öz həyatlarını itirdiklərini deyib.

Dəməşqdən videogörüntü vasitəsilə danışarkən o deyib ki, maliyyə çatışmazlığı və beynəlxalq sanksiyalar humanitar yardıma ciddi şəkildə mane olur.

"Nə ərzaq, nə də səhiyyə yardımı çatdırıla bilir.… Sanksiyaların tibbi avadanlıq, ləvazimat və dərman çatdırılmasına da təsiri var. Təcili yardım maşınları, elektrik stansiyası, xəstəxanalardakı generatorlar üçün yanacaq və qan çatışmazlığı səbəbindən humanitar proseslər ləngiyir" - deyə, Hbobati bildirib.

Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Françesco Roka Suriyadakı böyük humanitar böhranın koronavirus pandemiyasına görə daha da dərinləşdiyini deyib.

Françesco Roka "COVID-19 üçün narahat olmaq əksər suriyalıların ağlına belə gəlmir. Onların Avropada olduğu kimi sosial məsafə saxlamaq və ya maska taxmaq seçimləri yoxdur. Bu sadəcə mümkün deyil" - deyib.

Qırmızı Xaç və Qızıl Aypara liderləri beynəlxalq dəstəyə çağırış edir. Onlar Suriyada humanitar vəziyyətin pisləşməsinə baxmayaraq, ianələrin azaldığını deyir və dünya ictimaiyyətini əlini Suriya xalqından çəkməməyə çağırır.

XS
SM
MD
LG