Accessibility links

Fərda Əsədov: Suriya hadisələri Trampın qətiyyətliliyini göstərir [Video-müsahibə]


Fərda Əsədov: Suriya hadisələri Trampın qətiyyətliliyini göstərir
please wait

No media source currently available

0:00 0:06:55 0:00

Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdirinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov Amerikanın Səsinə müsahibəsində ABŞ-ın yeni administrasiyası və Suriya böhranının regional təsirlərindən danışıb.

Amerikanın Səsi: Suriyada kimyəvi silahdan istifadə ABŞ-ın raket zərbələrinə səbəb olub. Bununla yanaşı, ABŞ-ın yeni administrasiyası Şimali Koreya yaxınlığına da təyyarə daşıyan gəmilər çıxarır. Bunu Tramp hakimiyyətinin yeni xarici siyasətinin başlanğıcı, yoxsa birdəfəlik cəza tədbiri saymaq olar?

Kimyəvi silaha qarşı tədbirlərdə Konqresin dəstəyi Amerika cəmiyyətində də Trampın bu qədər qətiyyətli xarici siyasət aparmasına hazırlığın olduğunu nümayiş etdirir.

Fərda Əsədov: Bu birdəfəlik tədbirlər hesab olunmalıdır. Amma, əslində Trampın gəlişinədək Obama administrasiyasının siyasəti ilə müqayisədə müəyyən dəyişiklikdir. Bu həm də dünya oyunçularına bir mesajdır. Yeni administrasiya və Trampın özünün qətiyyətli bir rəhbər olması imici, artıq Amerikanın qətiyyətlə tədbir görməsinə hazır olmasını göstərir. Kimyəvi silaha qarşı tədbirlərdə Konqresin dəstəyi isə Amerika cəmiyyətində də Trampın bu qədər qətiyyətli xarici siyasət aparmasına hazırlığın olduğunu nümayiş etdirir. Odur ki, siyasət eynidir, amma onun aparılması yollarının daha qətiyyətli, daha tədbirli olacağı görünür.

Amerikanın Səsi: Suriyadakı son durum regionda sülhü və ya daha geniş miqyaslı müharibə riskini yaxınlaşdırır? Bundan sonra regionda hadisələrin inkişafı necə olacaq?

İndiki hadisələr hərbi həlli yaxınlaşdıran bir addım kimi qiymətləndirilməlidir.

Fərda Əsədov: Suriyadakı indiki vəziyyət əlbəttə ki, öz hərbi həllini gözləyir. Odur ki, indiki hadisələr hərbi həlli yaxınlaşdıran bir addım kimi qiymətləndirilməlidir. Hərbi həll nə deməkdir? Hərbi həll odur ki, Suriyada fəaliyyəti olan qüvvələr arasında radikal qruplaşmalar var ki, onlarla heç bir sülh bağlamaq, heç bir araya gəlmək mümkünsüzdür. Belə olan halda onların sadəcə səhnədən götürülməsini və yaxud, bu mümkün olmasa, silahlı tədbirlər zəminində o qədər marginallaşmasına, qapanmasına nail olmaq lazımdır ki, nəhayət sülhə doğru addımlar atmaq mümkün olsun. Odur ki, hazırki tədbirlər böyük hərbi əməliyyatların hazırlanması məqsədini güdür.

Amerikanın Səsi: Hadisələrin inkişafı Rusiyanın və İranın Yaxın Şərq regionunda güclənmiş mövqeyinin zəiflədilməsi və sıxışdırılması ehtimalını artırır. Bu halda regionda hansı yeni münasibətlər yarana bilər?

Bu mütəşəkkillik heç şübhəsiz ki, Amerikanın daha qətiyyətli siyasət aparması ilə bağlıdır.

Fərda Əsədov: Mən düşündüyüm qədər, Rusiya ilə İranın yaxınlaşması indiki təsirlər sisteminin necə paylaşmasına dair hansısa bir trenddir. Lakin, onun doğrudan da başqa oyunçulara ciddi bir çağırış, ciddi bir alternativ mövqe qoyması potensialı az dərəcədə mümkündür. Əslindəı biz qərbin mövqeyində daha artıq mütəşəkkillik görürük. Məsələn, indiyənədək Amerika və Avropa hökumətləri arasındakı koordinasiyanı o qədər də effektiv görməsək də, son Suriya hadisələri onu göstərdi ki, burada müəyyən mütəşəkkillik artıq məqsəd kimi qoyulur. Bu mütəşəkkillik heç şübhəsiz ki, Amerikanın daha qətiyyətli siyasət aparması ilə bağlıdır. Düşündüyüm qədər, regionda indi daha çox qərbin mövqeyinin möhkəmlənməsini gözləmək lazımdır.

Amerikanın Səsi: Belə bir mürəkkəb vəziyyətdə Azərbaycan risklərdən yayınmaq üçün nə etməlidir? Xüsusilə, Donald Trampın elan etdiyi İrana qarşı sanksiyaların gücləndiriləcəyi fonunda Azərbaycan hansı addımlar atmalıdır?

Azərbaycan dövlətinin təhlükəsizliyi Qərblə münasibətin artırılması, iqtisadi cəhətdən təmin olunması ilə yanaşı, eyni zamanda sosial ədalət, korrupsiyaya qarşı mübarizə, sosial rahatçılıq yaratmaq tədbirlərini də nəzərdə tutmalıdır.

Fərda Əsədov: Doğrudan da Azərbaycanın məsələsi çox çətindir, gərgindir. Bildiyimiz kimi, Azərbaycana hazırda ən çox təsir imkanları olan ölkə şimal qonşumuzdur (Rusiya nəzərdə tutulur-red). O biri tərəfdən isə bizim iqtisadiyyatımız, təhlükəsizlik məsələlərimiz cənub qonşumuz (İran nəzərdə tutulur-red) və eyni zamanda qərblə sıx bağlıdır. Biz geniş dünya siyasəti miqyasında Rusiyaya təsirlərin artmasını müşahidə edəcəyik. Eyni dərəcədə, Rusiyanın da mövqeyində müəyyən dəyişikliklər gözləniləcəksə, Azərbaycan burada əsas trend təşkil edən proseslərdə fəal olmalıdır. Düşünürəm ki, bu Azərbaycanda indiyənədək xeyli dərəcədə götür-qoya əsas səbəb olan məsələdə, məsələn Avropa ilə münasibətlərin inkişaf etdirilməsi məsələsinə təsir etməlidir. Biz bu proseslərdə daha qətiyyət göstərməliyik və bunu göstərməklə yəqin ki, həm iqtisadi problemlərin həlli üçün, eyni zamanda təhlükəsizlik üçün də imkanlar axtarmalıyıq. Azərbaycanın əlbəttə ki, müəyyən qədər xaricdən olan təsirlərə məruz qalması təhlükəsi var. Bir halda ki, radikal qüvvələr beynəlxalq qüvvələrin tədbirləri nəticəsində zəifləyəcək, burada radikallaşma meylləri artacaq. Bu radikallaşma meyllərinə cavab verilməsi tədbirləri müvafiq ölkələrdə əhali tərəfindən sosial ədalətsizlikdən və məyusluq hisslərinin artmasından qaynaqlanacaq. Azərbaycan dövlətinin təhlükəsizliyi Qərblə münasibətin artırılması, iqtisadi cəhətdən təmin olunması ilə yanaşı, eyni zamanda sosial ədalət, korrupsiyaya qarşı mübarizə, sosial rahatçılıq yaratmaq tədbirlərini də nəzərdə tutmalıdır. Heç şübhəsiz ki, həmin o məyusluq hissinin aradan götürülməsi radikal çağırışların qarşısının alınması məqsədini güdəcək.

XS
SM
MD
LG