Accessibility links

Suriya ordusunun avtobusuna hücum azı 14 nəfərin ölümünə səbəb olub


Dövlət mediası xəbər verir ki, çərşənbə günü Dəməşqdə Suriya ordusunun avtobusuna yerləşdirilən iki bombanın partlaması nəticəsində azı 14 nəfər həlak olub.

Bu, 2018-ci ildə Prezident Bəşar Əsədin qoşunlarının müxalif döyüşçüləri paytaxtın ətrafından sıxışdırıb çıxarmasından bəri Suriyanın paytaxtında baş verən ən qanlı hücumlardan biridir. Ölkənin digər bölgələrində Suriya hökuməti qüvvələri ilə üsyançılar arasında döyüşlər on ildir davam edir.

Sakinlər və məktəblilərin toplaşdıqları avtobus dayanacağı yaxınlığında baş verən hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Dövlət mediası hərbi mənbəyə istinadən bildirib ki, iki bomba avtobusa hərbçilərin daşınmasına başlamazdan əvvəl yerləşdirilib və üçüncü partlayıcı cihaz zərərsizləşdirilib.

Dəməşqdəki son böyük hücumlar 2017-ci ildə, intiharçıların məhkəmə binası və restoranda 60-a yaxın insanın ölümü ilə nəticələnən bomba hücumları olub. Hücumların məsuliyyətini 2019-cu ildən bəri Suriyada heç bir ərazi nəzarətində olmayan, lakin əsasən Suriyanın səhralarında gizlənən və təhdid etməyə davam edən İslam Dövləti yaraqlı qrupu öz üzərinə götürüb.

Dəməşqdə həyata keçirilən bomba hücumundan az əvvəl Suriya ordusu ölkənin üsyançıların şimal-qərbindəki son istehkamına hücum edərək, dördü uşaq, biri qadın olmaqla, azı on nəfəri öldürüb.

Suriya İnsan Haqları Müşahidəçilərinin bildirdiyinə görə, Ariha qəsəbəsinə edilən hücum 2020 -ci ilin mart ayından, Suriyanın müttəfiqləri Türkiyə və Rusiya ölkənin şimal-qərbində əldə etdiyi barışıq razılığından bəri İdlib regionunda ən çox mülki vətəndaşın öldürüldüyü hücumdur. Barışıqla bağlı razılıq dəfələrlə pozulub.

XS
SM
MD
LG