Accessibility links

Suriyanın Əl-Hol düşərgəsi boşaldılır


Suriyanın şimal-şərqində kürdlərin rəhbərlik etdiyi adminisrasiya sıxlığı azaltmaq və bölgədəki təhlükəsizlik qüvvələrinin stresini yüngülləşdirmək planı çərçivəsində ailələri sərbəst buraxaraq Əl-Hol köçkün düşərgəsini boşaldır.

Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) 120 ailəyə mənsub 500-dən çox insanı sərbəst buraxdığını açıqlayıb. Onların əksəriyyəti indi Deyr əl-Zur kəndlərindəki köhnə evlərinə yola düşür.

Rəsmilər bütün ailələrə lazımi sənədləri təqdim etdikdən sonra könüllü olaraq düşərgəni tərk etdiklərini və yaxın zamanda daha çox ailənin evlərinə qayıdacağını gözlədiklərini deyib.

Əl-Holdan kütləvi şəkildə ayrılma ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDF) mülki qolu olan AANES və Suriya Demokratik Şurasının (SDC) keçən ay düşərgəni təmizləməyə dair planlarının ikincisidir.

Bu düşərgədə İslam Dövləti qrupunun ailə üzvləri və terror qruplaşmasının tərəfdarları da daxil olmaqla, 70 mindən çox insan yaşayırdı.

Əsasən qadın və uşaqlar olmaqla, 289 nəfərdən ibarət ilk qrup AANES rəsmilərinin "suriyalılara qarşı döyüş əməliyyatlarında və cinayətlərdə iştirak etdikləri sübut olunmadığına" zəmanət verdiklərinə dair açıqlamasından qısa müddət sonra yola düşüb.

Birinci qrupdan fərqli olaraq, bazar ertəsi Əl-Holu tərk edən suriyalılar üçün daha az təminat verilib. Ən başlıcası yerli hökumətlərdən və qəbilə ağsaqqallarından onlara sponsorluq etmələri və ya onlara zamin durmaları tələb olunmur.

Sərbəst buraxılma Əl-Holdakı vəziyyətin getdikcə pisləşdiyi barədə yayılan xəbərlər fonunda baş verir.

Keçən həftə SDF tərəfdarı olan Rojava Məlumat Mərkəzinin bildirdiyinə görə, düşərgədə zorakılıqlar artıb, buna görə Suriya vətəndaşları deyil, İD-lə əlaqəsi olan xarici vətəndaşlar günahlandırılıb.

"İŞİD-in xarici tərəfdaşlarının qaçış cəhdlərində artım aşkar edilib, ən azı üç qaçış cəhdinin qarşısı alınıb" - deyə, məlumatda bildirilib.

"Üç odlu silah hücumu təsdiqlənib, nəticədə hamısı iraqlı olmaqla üç nəfər öldürülüb"- deyə, xəbər verilib.

Bu kimi problemlərə baxmayaraq, təxminən 24 000 köçkünün evlərinə qaytarmaq səyləri ABŞ tərəfindən alqışlanıb.

Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinə "qadınlar və çox sayda uşaq üçün bu qayıdış və reinteqrasiya təşəbbüslərinin müsbət qarşılandığını" deyib.

SDH və SDF əl-Hol düşərgəsini boşaltmaqla yanaşı, İD-lə əlaqəli təxminən 20 000 məhkumun saxlandığı ondan çox həbsxanada gərginliyi azaltmağa çalışır.

SDF keçən ay elan edilən ümuməfv sərəncamı ilə Suriyadan olan 600-dən çox aşağı səviyyəli məhbusu azad edib.

250-yə yaxın məhkumun cəzası yarıya endirilib.

XS
SM
MD
LG