Accessibility links

ABŞ konvoyu ilə qarşıdurma zamanı bir suriyalı ölüb, digəri yaralanıb


Dövlət mediası və fəalların bildirdiyinə görə, çərşənbə günü Suriyanın şimal-şərqindəki bir kənddən keçən ABŞ konvoyu ilə onun qarşısını almağa çalışan bir qrup hökumət tərəfdarı arasında baş verən qarşıdurma zamanı bir suriyalı ölüb, digəri yaralanıb.

Dövlət mediası öldürülən şəxsin mülki vətəndaş olduğunu bildirib. Onun ABŞ ordusunu keçid məntəqəsinin yerləşdiyi Qamışlı şəhərinin şərqindəki bir kəndin sakini olduğu, konvoyu daşa basdığı və orduya məxsus nəqliyyat vasitələrindən birindən ABŞ bayrağını çıxardığı bildirilib. Məlumatda deyilib ki, Amerika ordusu sakinlərə qarşı canlı güllələrdən və tüstü bombasından istifadə edib.

ABŞ hərbi qüvvələrinin sözçü Qamışlı yaxınlığında patrul xidmətində olan koalisiya qüvvələrinin suriyayönlü hökumət qüvvələri tərəfindən hücuma məruz qaldığını deyib.

Koalisiya qüvvələrinin sözçüsü Mayls Kegginsin dediyinə görə, koalisiya qoşunları vəziyyəti gərginləşdirməmək üçün bir neçə dəfə xəbərdarlıq etdikdən sonra patrul naməlum şəxslər tərəfindən atəşə tutulub.

"Koalisiya qüvvələri özünümüdafiə məqsədilə cavab atəşi açıb. Vəziyyət gərginləşib və araşdırma aparılır" - deyə, sözçü bildirib.

ABŞ müdafiə naziri ilə Brüsseldə səfərdə olan hərbi hava qüvvələrinin leytenant-polkovniki Karla Gilson insident zamanı amerikalı əsgərlərdən ölənlərin olmadığını deyib.

ABŞ-ın yüzlərlə əsgəri Suriyanın şimal-şərqində kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin yerli tərəfdarları ilə birlikdə İslam Dövləti qrupuna qarşı mübarizə aparır. Lakin Suriyanın şimal-şərqində patrul xidmətində olan ABŞ konvoyunun hökumət tərəfindən idarə olunan əraziyə nə səbəbdən girdiyi məlum deyil.

XS
SM
MD
LG