Accessibility links

Rusiya təyyarəsinin vurulmasına görə məsuliyyəti Əl-Qaidə ilə əlaqəsi olan qrup öz üzərinə götürüb


Suriya üsyançılarının Əl-Qaidə ilə əlaqəsi olan qrupu Saraqeb şəhəri yaxınlığında Rusiya təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Rusiyanın Müdafiə nazirliyi şənbə günü təyyarənin vurulduğunu təsdiq edib və pilotun paraşütlə endikdən sonra üsyançılar tərəfindən öldürüldüyünü bildirib.

Suriyada vəziyyəti müşahidə edənlər və Britaniyada qərargahlanan Suriyada İnsan Hüquqlarını Müşahidə qrupu pilotun quru qüvvələrə dəstək göstərən Rusiya istehsalı olan iki mühərrikli SU 25 tipli döyüş təyyarəsini idarə etdiyini bildirib. Hadisənin şahidlərinin bildirdiyinə görə, pilot onu ələ keçirməyə çalışan üsyançılara atəş açdıqdan sonra öldürülüb.

Təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürən Hayat Təhrir Əl-Şəm adlı qrup Ebaa xəbər agentliyi adlı veb səhifəsində yanan təyyarənin görüntülərini nümayiş etdirib. Bu görüntülər SITE kəşfiyyat xidməti tərəfindən müşahidə edilib.

Hayat Təhrir Əl-Şəm qrupunun bir adı da Suriyada Əl-Qaidədir. Qrup Əl-Qaidədən müstəqil olduğunu iddia etsə də, onun tərkibində Əl-Nusra Cəbhəsinin elementləri var.

Bəzi məlumatlarda bildirilir ki, bu, Suriya ərazisində Rusiya təyyarəsinin üsyançılar tərəfindən salındığı ilk belə hadisədir.

İnsident şimal-qərdə yerləşən İdlib vilayətində baş verib. Rusiya təyyarəsi Saraqeb şəhərinə hücuma keçən hökumət qüvvələrinə quruda dəstək verirdi.

XS
SM
MD
LG