Accessibility links

Suriyada kimyəvi hücum kəskin beynəlxalq qınağa səbəb olub


Avropa İttifaqının yüksək səviyyəli təmsilçisi Federika Mogerini, BMT-nin baş katibi Antonio Guterreş Suriyada kimyəvi hücum qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla anır
Avropa İttifaqının yüksək səviyyəli təmsilçisi Federika Mogerini, BMT-nin baş katibi Antonio Guterreş Suriyada kimyəvi hücum qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla anır

BMT Təhlükəsizlik Şurası Suriyada onlarla insanın ölümünə səbəb olmuş kimyəvi hücumla bağlı fövqəladə iclas keçirir. Hücum beynəlxalq ictimaiyyətin kəskin qınağına səbəb olub.

Müşahidəçilər, diplomatlar və təhlilçilər Xan Şeyxun şəhərindəki hücuma görə prezident Bəşar Əl-Əsəd və onun Rusiyada müttəfiqlərini günahlandırıb. Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə günü bildirib ki, hücumdan zərər çəkimiş insanlarda sinir-iflic təsiri göstərən maddələrlə zəhərlənmə halları müşahidə edilir.

Qərbin humanitar agentliklərini birləşdirən yardım qrupunun bildirdiyinə görə, kimyəvi hücum nəticəsində 100-dən çox insan həyatını itirib, 350-dən çox insan xəsarət alıb.

Xilasetmə işçiləri Xan Şeyxun şəhərində kimyəvi hücumdan sonra insanlara yardım göstərir
Xilasetmə işçiləri Xan Şeyxun şəhərində kimyəvi hücumdan sonra insanlara yardım göstərir

Rusiya hücumda hər hansı rolunu inkar edərək, insidentə görə üsyançılar tərəfindən nəzarəti ələ keçirilən kimyəvi silah anbarı, ya da zavodunu bombardman edən Suriya təyyarələrini günahlandırıb. Suriya hökuməti altı ildir davam edən vətəndaş müharibənin gedişində kimyəvi silahlardan istifadə etdiyini dəfələrlə rədd edib.

BMT Təhlükəsizlik Şurası insan ölümülə nəticələnən hücuma görə Əsəd rejiminin günahlandırıldığı qətnaməni səsverməyə qoymağa hazırlaşır. Rusiya ABŞ, Britaniya və Fransanın təklif etdiyi qətnaməni “qəbuledilməz” adlandırıb və Suriya rejimini müdafiə edib.

ABŞ kəşfiyyatında mənbə İdlib vilayətindəki hücumda “rejimin iştirakını göstərən izlərin olduğunu” bildirib. Onun verdiyi məlumata əsasən, Əsəd rejiminin hücuma görə məsuliyyət daşıdığı təsdiq edilsə, ölənlər və xəsarət alanların sayı nəzərə alınsa, bu, Suriya rejiminin 2013-cü ilin avqustunda Dəməşq ətrafında sarin qazı ilə keçirdiyi hücumdan sonra ən böyük insident olacaq.

Vatikanda Roma Papası hücumu qınayaraq, bunu “qəbuledilməz qətliam” adlandırıb.

ABŞ prezidenti Donald Tramp Ağ Evin açıqladığı bəyanatda hücumu qınayıb və bunun “sivil dünya tərəfindən diqqətsiz qala bilməyəcəyini bildirib.

XS
SM
MD
LG