Accessibility links

Suriyada hücum zamanı Türkiyə hərbi qüvvələrinin bir əsgəri ölüb, 4-ü yaralanıb


Türkiyənin Müdafiə Nazirliyinin mayın 11-də verdiyi məlumata görə, Suriyanın şimal-qərbindəki İdlib əyalətində Türkiyə hərbi təchizat karvanına raket hücumu nəticəsində bir əsgər ölüb, dörd nəfər yaralanıb.

Müdafiə Nazirliyi verdiyi açıqlamada Türkiyə hərbi qüvvələrinin bölgədə müəyyənləşdirdiyi hədəflərə atəş açaraq hücuma cavab verdiyini bildirib. Hücuma görə kimin məsuliyyət daşıdığı açıqlanmayıb.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarını Monitorinq qrupu isə Türkiyə avtomobil konvoyunun Bab əl-Hava sərhəd keçid məntəqəsi ilə Suriya sərhədindəki Kfar Luzen kəndi arasında yoldan keçərkən yol kənarına yerləşdirilən bombanın işə düşdüyünü bildirib.

Qurum nəqliyyat vasitələrindən birinin birbaşa zərbə aldığını, yaralanan Türkiyə əsgərlərinin evakuasiyası üçün təcili yardım maşınlarının əraziyə yollandığını bildirib.

Monitorinq qrupu Türkiyə əsgərlərinin bir müddət ərazini mühasirəyə alaraq, insanların bu bölgəyə girişinə mane olduğunu qeyd edib.

Ötən il Türkiyə və Rusiya arasın əldə edilən atəşkəs razılaşması nəticəsində Rusiyanın dəstəklədiyi Suriya hökumətinin Suriyada üsyançılarının son əsas istinadgahı olan İdlibə hücumu dayandırılmışdı. Bəzi pozuntulara baxmayaraq, atəşkəsə o vaxtdan bəri əməl edilir.

Rusiya Suriya hökumətinin əsas hərbi müttəfiqidir, Türkiyə isə Suriya müxalifətini dəstəkləyir.

XS
SM
MD
LG