Suriyada müharibəni monitorinq edən qrupun bildirdiyinə görə, 2018-ci ildə ölənlərin sayı təxminən 20 min nəfərdir. Bu, ölkədə səkkiz ilə yaxındır gedən müharibə dövründə ölənlərin sayı ilə bağlı ən aşağı göstəricidir. Qrup 2018-ci ildə tələfatlarla bağlı rəqəmləri bazar ertəsi günü açıqlayıb.
Prezident Bəşar Əsəd hökumətinin hərbi qüvvələrinin paytaxt Dəməşq və Suriyanın cənubunda üsyançıları məğlub etməsindən sonra ölkənin çox hissəsində döyüşlər demək olar dayanıb. Hazırda ölkə ərazisinin 60 faizindən çoxu hökumətin nəzarətindədir.
Suriyada İnsan Haqlarını Müşahidə qrupunun verdiyi məlumata görə, 2018-ci ildə ölən 20 min nəfərin 6500-ü mülki vətəndaşlardır. Monitorinq qrupu bildirir ki, 2017-ci ildə ölənlərin sayı 33 min 400 nəfər olub və bunların 10 mini mülki vətəndaşlar idi.
Suriya münaqişəsi 2011-ci ildə Əsəd hökumətinə qarşı dinc nümayişlərlə başlayaraq, sonradan xarici qüvvələrin cəlb olunduğu dağıdıcı vətəndaş müharibəsinə çevrilib. Münaqişə nəticəsində 500 mindən çox insanın öldüyünə inanılır.