Accessibility links

Şuşanın qəsbindən 23 il ötür


Şuşanın qəsbindən 23 keçir.

1992-ci il mayın 8-də gecə erməni birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ən böyük şəhəri olan Şuşanın ələ keçirilməsi üzrə əməliyyata başlayıblar. Şəhər səhər saatlatrındək artilleriya atəşinə tutulub və sonra şəhərə üç tərəfdən hücum başlayıb. Hücumda 366-cı rus alayının ermənilərə verdiyi çoxsaylı zirehli hərbi texnika da iştirak edib.

Şuşa şəhərində Azərbaycan qüvvələri ciddi müqavimət göstərib. Bunun nəticəsində, şəhərə ilk hücum tam işğalla nəticələnməyib və küçə döyüşləri mayın 9-dək davam edib. Lakin özünümüdafiə qüvvələri möhkəmlənmədiyindən şəhəri tərk etməli olub.

Ermənilərin Şuşaya hücumu başlamazdan bir neçə saat öncə Tehranda Ermənistan və Azərbaycan prezidentləri İran başçısının vasitəçiliyi ilə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparırdı.

Moskvadakı müəyyən dairələr Şuşanın işğalından Azərbaycanın Rusiyadan ayrılmasına yol verməmək məqsədilə istifadə edirdi. Belə ki, şəhər işğal olunduqdan sonra ilk günlər rus generalları və siyasətçiləri açıq-aşkar deyirdilər ki, Bakı öz silahlı qüvvələrinin vahid MDB komandanlığına tabe olmasına, rusiyapərəst xarici və daxili siyasət yürütməyə razılıq versə, şəhər qaytarıla bilər.

Mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Turan agentliyinə müsahibəsində qeyd edib ki, Şuşanın işğalı "müharibənin bir şıltaqlığıdır" və bildirib ki, şəhər azad olunacaq. Lakin bir gündən sonra Mütəllibov hakimiyyəti devrilib. Nəhayət, 1992-ci il mayın sonlarında Xalq Cəbhəsi hökuməti 60 minlik Rusiya ordusunun Azərbaycandan çıxarılmasına başlayıb.

Şuşa şəhərinin təməli XVIII əsrdə Pənahəli xan tərəfindən qoyulub. Şəhər XIX əsrdə Rusiyaya tabe etdirilən Qarabağ xanlığının mərkəzi olub.

Rus işğalından sonra da şəhər çiçəklənmə dövrünü yaşayıb. Şuşadan xeyli sayda, mədəniyyət, ədəbiyyat, siyasət xadimləri çıxıb.

Sovet dövründə bu şəhər həm də istirahət zonası kimi tanınıb. İşğala qədər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey olub. Bütün bunların hamısı, eləcə də 300-dək tarixi, dini, mədəni abidə işğal zamanı talan edilib, dağıdılıb.

Şəhərin süqutu zamanı 480 nəfər azərbaycanlı həlak olub, 600 nəfər yaralanıb, 22 min nəfər qaçqın düşüb. Əsir götürülən 68 nəfər haqda bu günə qədər məlumat yoxdur.

XS
SM
MD
LG