Accessibility links

İsveçin bayrağı alyansın 32-ci üzvü kimi ilk dəfə NATO-nun baş qərargahında qaldırılıb


Bazar ertəsi İsveçin bayrağı alyansın 32-ci üzvü kimi NATO-nun Brüsseldəki baş qərargahı üzərində ilk dəfə qaldırılıb.

Mərasimdən dərhal sonra NATO-nun baş katibi Yens Stoltenberlə birgə keçirilən mətbuat konfransında İsveçin baş naziri Ulf Kristersson NATO-nun daha güclü olduğunu deyib.

"Regionumuzda təhlükəsizlik vəziyyəti İkinci Dünya Müharibəsindən bəri bu qədər ciddi olmayıb və Rusiya yaxın gələcəkdə Avro-Atlantik təhlükəsizliyə təhdid olaraq qalacaq. Elə bu baxımdan İsveç təhlükəsizliyi əldə etmək, həm də təhlükəsizliyi təmin etmək üçün NATO alyansına qoşulmaq üçün müraciət etdi," o bildirib.

Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzü hərbi neytrallığını qoruyan İsveç və Finlandiyanı illərdən sonra NATO-ya üzv olmağa sövq etdi. Stoltenberq bir daha Rusiya prezidenti Vladimir Putinin işğala başlayarkən qarşıya qoyduğu məqsədlərin əks nəticə verdiyini deyib.

Stoltenberq "O, NATO-nun daha kiçik, qonşuları üzərində nəzarətin daha böyük olmasını istəyirdi. O, Ukraynanı suveren dövlət kimi məhv etmək istəyirdi, lakin buna nail ola bilmədi. NATO daha böyük və daha güclüdür. Ukrayna NATO üzvlüyünə əvvəlkindən daha yaxındır" deyib.

İsveç NATO-ya keçən cümə axşamı ABŞ-ın dövlət katibi Antoni Blinken tərəfindən qəbul edilib. Keçən həftə İsveçin təxminən 20 min əsgəri Norveç və Finlandiya əsgərləri ilə birlikdə NATO-nun təlimlərində iştirak edib.

Aylarla gecikmədən sonra İsveçin qəbulunu Türkiyə bu ilin əvvəlində, Macarıstan isə son günlərdə ratifikasiya edib.

Forum

XS
SM
MD
LG