Accessibility links

ABŞ dövlət katibi BMT Ərəb Liqasının sülh elçisi ilə görüşüb


Suriyada zorakılıqların davam etdiyi bir vaxt, Birləşmiş Ştatların dövlət katibi Con Kerri Suriya sülh konfransı ilə bağlı müzakirələr aparmaq üçün BMT Ərəb Liqasının sülh elçisi Laxdar Brahimi ilə görüşüb.

Bu gün Londonda görüşən diplomatlar dalana dirənmiş konfransla bağlı danışıqlar aparıb və belə qərara gəliblər ki, Suriyada keçid hökuməti qurulması üçün beynəlxalq konfrans təcili olaraq keçirilməlidir.

Dövlət Departamenti keçən həftə Suriya böhranının siyasi həlli üçün belə bir toplantının keçirilməsinə təcili ehtiyac olduğunu bəyan etmişdi.

Əsas müxalifət qrupu olan Suriya Milli Şurası isə bazar günü beynəlxalq ictimaiyyətin reaksiyasını tənqid edərək, toplantıda iştirak etməyəcəyini bildirib.

Bu arada, bu gün ölkənin şimalındakı Darkuş şəhərində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 20 nəfərin öldüyü haqda məlumat verilib.
XS
SM
MD
LG