Üsyançı döyüşçülər cümə axşamı günü Dəməşq-Hələb şossesini bağlayıblar. Suriya İnsan Hüquqları Müşahidə Qrupunun məlumatına görə, hücumlar Rusiya hava qüvvələrinin zərbələri nəticəsində ölən mülki vətəndaşlar da daxil olmaqla 200-ə yaxın insanın həlak olmasına səbəb olub.
Suriya İnsan Hüququları Müşahidə Qrupu bildirib ki, bir gün əvvəl Həyat Təhrir əl-Şam və müttəfiq qruplaşmalar Hələb vilayətinin şimalında hökumətin nəzarətində olan ərazilərə qəfil hücum edib və bu, son illərin ən şiddətli döyüşlərinə səbəb olub. Həyat Təhrir əl-Şam ABŞ və Türkiyə tərəfindən terror təşkilatları siyahısına salınıb.
Müşahidə qrupundan verilən məlumata görə, davam edən döyüşlərdə “Həyat Təhrir əl-Şamdan 102 döyüşçü”, müttəfiq qruplaşmalardan 19 nəfər “və rejim qüvvələri və müttəfiq qruplardan 61 nəfər də daxil olmaqla” ölənlərin sayı 182-yə yüksəlib.
"Rusiyanın cümə axşamı günü Hələb yaxınlığına hava hücumları nəticəsində 19 dinc sakin həlak olub", müşahidə qrupuna rəhbərlik edən Rami Əbdül Rəhman deyib və bir gün əvvəl Suriya ordusunun atəşə tutması nəticəsində daha bir mülki vətəndaşın həlak olduğunu əlavə edib.
Rusiya Suriya prezidenti Bəşər Əsədin yaxın müttəfiqidir və ilk dəfə 2015-ci ildə Suriyadakı vətəndaş müharibəsinə müdaxilə edərək, münaqişənin sürətini vaxtilə qüvvələri ölkənin yalnız beşdə birinə nəzarət edən prezidentin xeyrinə çevirib.
Həyat Təhrir əl-Şam və onun müttəfiq qrupları, o cümlədən Türkiyənin dəstəklədiyi qruplar, "M4 və M5 magistralları arasındakı qovşağı nəzarət etməklə yanaşı, Dəməşq-Hələb beynəlxalq M5 magistral yolunu kəsiblər", Britaniyada yerləşən monitorinq qrupu bildirib. Onun Suriya daxilində mənbələr şəbəkəsi var.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi bildirib ki, zorakılıq nəticəsində “14 mindən çox insan – təxminən yarısı uşaq – didərgin düşüb.”
Son illərdə münaqişənin intensivliyi azalsa da, Suriya on ildən artıqdır ki, vətəndaş müharibəsi içərisindədir.
"Bu əməliyyatın məqsədi cinayətkar düşmənin cəbhə xəttindən döyüş mənbələrini dəf etməkdir," Həyat Təhrir əl-Şamın qurtuluş adlandırdığı hökumətinə başçılıq edən Məhəmməd Bəşir mətbuat konfransı zamanı deyib.
Suriyalı üsyançılar və onların müttəfiqləri Livan-İsrail atəşkəsi qüvvəyə mindiyi gün hücuma başlayıblar.
Əl-Qaidənin keçmiş Suriya qolunun rəhbərlik etdiyi Həyat Təhrir əl-Şam İdlibin şimal-qərb bölgəsi ilə yanaşı, qonşu Hələb, Həma və Latakiya vilayətlərinin kiçik hissələrinə nəzarət edir.
AFP müxbirinin verdiyi məlumata görə, çərşənbə səhərindən etibarən İdlib şəhərinin şərqində hava hücumları da daxil olmaqla, şiddətli, fasiləsiz qarşıdurmalar baş verib.
SANA dövlət xəbər agentliyinin yaydığı ordunun bəyanatında deyilir ki, “Çərşənbə günü səhər saatlarında Hələb və İdlib əyalətlərində mövcud olan “Nusra terror cəbhəsi” adlanan qruplaşmanın silahlı terror təşkilatları geniş cəbhədən hücuma keçib”.
Forum