Accessibility links

Suriyada itkin düşən türk jurnalistlər İranın köməyi ilə azad edilib


Suriyada iki ay bundan öncə hadisələri işıqlandırarkən itkin düşmüş iki jurnalist İranın köməyi ilə azad edilib. Bu haqda Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu açıqlama verib.

Tehrana gətirilən jurnalistlər Anadolu xəbər agenliyinə onların sağlıq durumunun yaxşı olduğunu və ailə üzvlərilə görüşü səbirsizliklə gözlədiklərini deyiblər.

İslam meylli Milat qəzetinin müxbiri Adem Özköse və video operator Hamit Coşkun mart ayının əvvəlində Hatay sərhəddindən İdlib vilayətinə keçəndən sonra itkin düşmüşdü. İdlib prezident Bəşar Əl-Əsədə qarşı hərəkatın mərkəzi hesab edilir.

Jurnalistlərin kim tərəfindən saxlandığı məlum deyil.

Türkiyənin Suriya hökumətini nümayişlərin zorakılıqla dağıdılmasına görə tənqid etməsi Ankara və Dəməşq arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmışdır. Türkiyə Dəməşqdə səfirliyini bağlamış və Suriyaya uçuşları təxirə salmışdır.

Jurnalistlərin İranın köməyilə azad edilməsi Tehranın yaxın müttəfiqi olan Suriyada nüfuzunun göstəricisi kimi qiymətləndirilir. İran və Suriya Qərb ictimaiyyəti tərəfindən təcrid edilib.

XS
SM
MD
LG