Accessibility links

Türk dil haqları fəalı Tehranın Evin həbsxanasına qaytarılıb


COVİD -19 pandemiyasına qarşı tədbirlər çərçivəsində məzuniyyətə buraxılan türk fəal Kiyanuş Aslani yenidən Tehranın Evin həbsxanasına qaytarılıb. O, mart ayının 11-də mülki zəmanət qarşılığında müvvəqəti azadlığa buraxılmışdı.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, siyasi fəal 5 illik həbs müddətini tamamlamaq üçün iyun ayının 6-da həbsxanaya qaytarılıb.

Kiyanuş Aslanı hazırda Tehranın Evin həbsxanasında saxlanılan digər milli fəal Tovhid Əmir-Əmini ilə birlikdə 21 fevral 2019-da Dünya Ana Dili Günü ilə əlaqədar Tehranda nəzarət altına alınmışdı. Əmir-Əmini 7 il 6 ay, Aslani isə 5 il həbsə məhkum olunmuşdu. Kiyanuş Aslaniyə qarşı əlavə olaraq 2 il qeyri-hökümət təşkilatlara üzvlük və ictimai fəaliyyətdən məhrumiyyət cəzası verilmişdi.

Keçən mart və aprel aylarında koronavirusun İran həbsxanalarında yayılmasını önləmək məqsədilə ölkənin müxtəlif vilayətlərində məzuniyyətə göndərilən məhbuslar yenidən həbsxanalara qaytarılır.

İran Azərbaycanı və Tehranda həbsdə olan bəzi milli fəallar bu tədbirlər çərçivəsində müvəqqəti azadlığa buraxılsa da, Abbas Lisani, Lətif Həsəni və Tovhid Əmir-Əmini kimi fəallara məzuniyyət haqqı verilməyib.

İran Azərbaycanında fəaliyyət göstərən bir qrup milli fəal, yazar və ictimai xadim mart ayında İran məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisiyə məktub ünvanlayaraq, həbsxanalarda koronavirus təhlükəsinə diqqət çəkmişdilər.

XS
SM
MD
LG