Türkiyədən havaya qalxan ilk pilotsuz hava qurğusu (dron) Şimali Kiprdəki Keçidqala hava limanına eniş edib. Şimali Kipr Nazirlər Kabineti cümə günü verdiyi qərarla Keçidqala hava limanının pilotsuz uçuş aparatları və əməliyyatları üçün istifadəsini təsdiqləyib.
İlk pilotsuz qurğunun Şimali Kiprdə enməsi Türkiyə və Yunanıstan arasında gərginliyin artmasına səbəb ola bilər.
Türkiyənin verdyi qərarla Şimali Kiprə göndərilən dron Kipr Türk Silahlı Qüvvələri Komandanlığının istifadəsinə verilib.
Müdafiə Sənayesi Naziri İsmayıl Dəmir ilk dronun Muğladan səhər saat 5-də Keçidqalaya uçduğunu açıqlayıb. Dron təxminən 5 saatlıq uçuşdan sonra Şimali Kiprə çatıb.
Türkiyənin Kipr və adanın ətrafında təbii qaz axtarış işlərinə başlaması və Liviya ilə su hövzəsində birgə kəşfiyyat əməliyyatlarına dair razılaşma imzalaması bölgədəki gərginliyin artmasına səbəb olub.
İsrailin yunan tərəfini pilotsuz hava vasitələri ilə təmin etməsindən sonra Şimali Kiprin Nazirlər Kabineti Türkiyədən eyni qurğuların gətirilməsi ilə bağlı qərar verib.