Accessibility links

Talibana qarşı NATO qüvvələri ilə birlikdə döyüşən əfqan pilotlar indi çarəsiz qalıb


Talibana qarşı NATO qüvvələri ilə birlikdə döyüşən əfqan pilotlar indi çarəsiz qalıb
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Talibana qarşı NATO qüvvələri ilə birlikdə döyüşən əfqan pilotlar indi çarəsiz qalıb

Taliban qüvvələrindən qaçaraq, Türkiyəyə gələn əfqanların arasında NATO qüvvələri ilə birlikdə döyüşənlər də var. Dorian Consun İstanbuldan Amerikanın Səsinə bildirdiyinə görə, indi onlar bir vaxtlar çalışdıqları ölkələrdən yardım axtarır.

Əfqanıstan hərbi qüvvələrinin pilotu Yusif Talibana qarşı birlikdə döyüşdüyü NATO qüvvələrinin şəkillərini göstərir. O deyir ki, bu iş birliyi onu hədəfə çevirib və Taliban Kabili ələ keçirməzdən əvvəl İstanbula qaçmağa məcbur edib. İndi o, NATO ölkələrindən birinə viza istəyir. "Bizə məsləhət verənlər Britaniyadan, ABŞ-dan, Almaniyadan idi. Biz üsyançılara qarşı planları çiyin-çiyinə hazırlayırdıq. Hazırda Əfqanıstanda qala bilmərik, çünki bütün məlumat bazalarımız Talibanın əlindədir."

Yusifə qulaq asan onun adının açıqlanmasını istəməyən əfqanıstanlı pilot dostudur. O, üç ay əvvəl Talibandan ölüm təhdidi aldıqdan sonra İstanbula gəlib. O, NATO ölkələrinə viza üçün çox sayda müraciətlərini göstərərək, Yusifin uzun müddət gözləməli olacağını deyir. "Almaniyaya müraciət etdim, sonra da Kanadaya, hələ ki, bəxtim gətirməyib. Almanlarla işləmişəm, britaniyalılarla yan-yana çalışmışıq, əməliyyatlar planlaşdırıb, həyata keçirdmişik. Ancaq sizin üçün pis bir vaxtda dostunuzdan və ya həmkarınızdan yardım almamaq çox məyusedici haldır. "

Əfqan pilotlar İstanbulun əfqan əhalisinin çox olduğu Zeytinburnu məhəlləsində məskunlaşdığı üçün yerli əhali bu məhəlləni "Əfqanburnu" adlandırır. Burada yaşayanların çoxu illər əvvəl Əfqanıstan münaqişəsindən qaçıb.

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Əfqanıstandan hər hansı bir yeni qaçqın dalğasını qəbul etməyəcəyini, ölkəsinin artıq Suriya vətəndaş müharibəsindən qaçan təxminən beş milyona yaxın qaçqını qəbul etdiyini deyib.

Türkiyə hökuməti NATO ölkələrinə hətta viza istəyən əfqanları prosesdən keçirmək üçün Türkiyədən istifadə etmələrinə icazə vermir. Əfqanıstan Qaçqınları Həmrəyliyi Dərnəyindən Əli Hikmət: “Türkiyə hökuməti onları Türkiyə daxilində qeydiyyata almır. Onlar Türkiyə daxilində sığınacaq üçün müraciət edə bilməzlər. Yəni onlar Türkiyədə qanunsuz yaşayırlar”.

Hər iki pilot Türkiyədə müddəti yaxında başa çatacaq turist vizası ilə qalır. Bir neçə gün əvvəl Yusifin dostu həyat yoldaşı və üç uşağının Kabildən təxliyə edildiyi və hazırda ABŞ-ın onların işini nəzərdən keçirdiyi ilə bağlı şad xəbər alıb. Amma Yusif hələ də Kabildə sıxışıb qalan həyat yoldaşı və iki uşağını düşünür.

İstanbuldan nə vaxt ayrılacaqlarını və ailələrinə nə vaxt qovuşacaqlarını bilməsələr də, hər iki pilot Talibandan qaçdıqları üçün şanslı olduqlarını deyir.

XS
SM
MD
LG