Accessibility links

Ərdoğan hökuməti çevriliş cəhdinin dördüncü ildönümünü qeyd edir


Türkiyədə iyulun 15-i hökumətə qarşı uğursuz çevriliş cəhdinin dördüncü ildönümünü qurbanların xatirələrinin anım mərasimi və tədbirlər keçirilir.

Çərşənbə günü prezident Rəcəp Tayyib Ərdoğan çevriliş cəhdinə qarşı mübarizə aparan mülki "veteranların" müşayiəti ilə Ankaradakı prezident kompleksindəki bir abidə önünə əklil qoyub və dua edib. Ərdoğan çevrilişin süqutunu parlamentdə də qeyd edib. Tədbir COVID-19 pandemiyası zamanı keçirildiyi üçün iştirakçılar maskalarda olub.

2016-cı il iyulun 15-də silahlı qüvvələr daxilindəki hərbi birləşmələr Ərdoğan hökumətini devirməyə cəhd edərkən tanklardan, döyüş təyyarələrindən və vertolyotlardan istifadə etmişdi. Çevriliş edənlərin insanları atəşə tutması, parlamenti və digər hökumət binalarını bombalaması nəticəsində 251 nəfər ölmüş, 2200 nəfər yaralanmışdı. Dövlət çevrilişində iştirak etdiyi ehtimal edilən 35 nəfərin də öldüyü bildirilir.

Türkiyə çevriliş cəhdində ABŞ-da yaşayan müsəlman din xadimi, Ərdoğanın keçmiş müttəfiqi Fəthullah Güləni ittiham edib. Gülən bu ittihamı rədd etsə də, onun şəbəkəsi terrorçu qrup kimi tanınıb və ona Fəthullahçı Terror Təşkilatı və ya FETO adı verilib.

"FETO-nun son üzvü məsuliyyətə cəlb olunana qədər biz ölkəmizin daxilində və xaricdə qətiyyətli mübarizəmizi davam etdirəcəyik" - deyə, Ərdoğan "şəhidlərin" yaxınları və yaralılar üçün verilən nahar zamanı bildirib.

Ərdoğan hökuməti Gülən şəbəkəsinə qarşı basqılar məqsədilə çevriliş cəhdindən sonra fövqəladə vəziyyət elan etdi.

İki ildir davam edən fövqəladə vəziyyət zamanı on minlərlə insan çevrilişdə və Gülənlə əlaqəsi olmaqda ittiham edilərək, həbs edilib və məhkəmə prosesləri hələ də davam edir. Hökumətin fövqəladə sərəncamları ilə müəllimlər və polis işçiləri də daxil olmaqla, 130 mindən çox insan dövlət işindən çıxarılıb.

Tənqidçilər həbslərin və işdən çıxarılmaların çox dərinə getdiyini və Türkiyənin terrorizmə dair geniş qanunları çərçivəsində hökumətə qarşı olan bütün müxalifəti hədəf aldığını deyir.

Ərdoğan Gülənlə əlaqəsi olduğu etimal edilən 100-dən çox insanın xaricdə həbs edildiyini və mühakimə olunmaq üçün Türkiyəyə gətirildiyini deyib.

Gülənin transmilli şəbəkəsi tərəfindən dünya boyu qurulan məktəblər, mədəniyyət mərkəzləri və dərnəklər bağlanıb və ya Türkiyə hökumətinə bağlı olan təşkilatlara çevrilib.

Ərdoğan hökumətinin dəfələrlə müraciətinə baxmayaraq, ABŞ 79 yaşlı din xadimini Türkiyəyə təhvil verməyib.

Şərhlərə bax

XS
SM
MD
LG