Türkiyə Birləşmiş Ştatları səudiyyəli jurnalist Camal Xaşuqcinin İstanbuldakı konsulluqda qətlə yetirilməsinə göz yummaqda günahlandırıb, prezident Donald Trampın dediklərini “gülünc” adlandırıb.
Tramp dünən deyib ki, Səudiyyə Ərəbistanının “davamlı tərəfdaşı” olaraq qalır. Prezident əlavə edib ki, vəliəhd şahzadə Məhəmməd Bin Salmanın qətl planından xəbəri ola bilərdi.
Səudiyyə konsulluğunun ətrafındakı bağda gəzişən pişiyin dərisinin rəngini də bilən CIA kimi kəşfiyyat agentliyinin... bu sifarişi kimin verdiyini bilməməsi mümkün deyil.Nüman Kurtulmuş, AKP
Şahzadənin qətldə əli olmasının mümkünlüyünə gəlincə, Tramp “ola da bilər, olmaya da” deyib. Bu sözlər Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) gəldiyi qənaətə ziddir. CIA jurnalistin ölümünü birbaşa vəliəhd şahzadənin sifariş etdiyinə inanır.
Prezident Rəcəb Tayyip Ərdoğanın AK Partiyasının sədr müavini Numan Kurtulmus Trampın dediklərini rədd edib. “Dünənki bəyanat gülməlidir”, o, TRT Haber dövlət televiziyasına söyləyib.
“Səudiyyə konsulluğunun ətrafındakı bağda gəzişən pişiyin dərisinin rəngini də bilən CIA kimi kəşfiyyat agentliyinin... bu sifarişi kimin verdiyini bilməməsi mümkün deyil. Bu, nə ABŞ-da, nə də dünyada ictimai rəy üçün etibarlı mövqe deyil,” o söyləyib.
Jurnalist İstanbuldakı konsulluqda oktyabrın 2-də qətlə yetirilib. Türkiyə dəfələrlə deyib ki, sifariş Səudiyyə hökumətinin “ən yüksək səviyyəsi”ndən gəlib, amma birbaşa Şahzadə Mohammed ittiham olunmayıb.
Səudiyyə Ərəbistanı qətli vəliəhd şahzadənin sifariş etməsini təkzib edib. Saysız ziddiyyətli bəyanatlardan sonra Ər-Riyad ötən həftə bəyan etdi ki, Xaşukçini Səudiyyəyə qayıtmaq üçün dilə tutan “danışıqlar” alınmayınca, o öldürülüb, bədəni hissələrə bölünüb.
Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra Türkiyənin xarici işlər naziri Mevlut Cavuşoglu deyib ki, Ankara bu işlə bağlı Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın səviyyəsindən razı deyil.
Cavuşoglu qeyd edib ki, Ər-Riyadla əlaqələr nəticəsiz qalsa, BMT-dən rəsmi təhqiqat aparmağı istəyəcək.