Accessibility links

Türkiyə ABŞ-la münasibətlərin pisləşməsi fonunda Rusiya ilə yaxınlaşır [Təhlil]


Türkiyə və Rusiya arasında münasibətlərdə yaxınlaşma Qərbdə NATO ittifaqında mümkün parçalanma ilə bağlı narahatlıqların artmasına səbəb olub. Lakin o da mümkündür ki, Türkiyə prezidenti amerikalı pastorun saxlanması ilə bağlı Birləşmiş Ştatlarla münasiblətlərin pisləşməsi fonunda taktiki addım ataraq, Rusiyaya üz tutur.

Prezident Donald Tramp bu ay Twitter sosial şəbəkəsindəki mesajlarının birində ABŞ və Türkiyə arasında münasibətlərin “indiki zamanda yaxşı olmadığını” yazıb. Trampın NATO müttəfiqi ilə bağlı tarifləri qaldırmaq qərarı Türkiyə lirəsinin çökməsinə səbəb olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti zamanı iki lider müdafiə, enerji və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Tərəfdaşlarını dəyişmək Asiya və Avropa arasında strateji mövqeyi tutan və çox zaman təlatümlü Yaxın Şərq regionunda geo-siyasi proseslərin mərkəzində olan Türkiyə üçün tanış manevrdir. Ölkəsinin iqtisadi baxımdan həssas vəziyyətdə olmasına baxmayaraq, Ərdoğan belə görünür, Soyuq müharibə dövründə Sovet İttifaqına qarşı istehkam rolu oynadığı dövrdən bəri ənənəvi müttəfiqlərinə alternativ olduğuna işarə edir.

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

İstanbulda Koç universitetində beynəlxalq münasibətlər üzrə professor Şener Aktürkün bildirdiyinə görə, Türkiyənin nəzərində mühüm məsələlər ətrafında gərginliklərə görə “Birləşmiş Ştatlar Rusiyadan da təhlükəli olmağa başlayıb”. O deyib ki, belə bir baxış Birləşmiş Ştatları “Rusiya ilə balanslaşdırılması lazım olan bir müttəfiqə çevirir”.

Ərdoğan və Putin 2016-cı ilin avqustun ayından bəri 11 dəfə görüşüb.

Birləşmiş Ştatlar və Türkiyə arasında gərginliyə səbəb olan məsələlər Amerikanın Suriyada Ankaranın terrorçu hesab etdiyi kürd döyüşçülərinə dəstəyi, Türkiyənin ABŞ-a Ankaranın 2016-cı ildə çevriliş cəhdinin arxasında durmaqda ittiham etdiyi din xadimi Fəthullah Gülənin eksradisiyası haqda müraciəti və Türkiyədə terrorla bağlı mühakimə etdiyi amerikalı pastor Endrü Bransonla bağlıdır.

Türkiyənin diplomatik manevrləri arasında isə Ankaranın Rusiyadan gələn ildən çatdırılması nəzərdə tutulan S-400 raket sistemi alması vədi durur. ABŞ və NATO rəsmiləri Rusiyanın raket sisteminin Türkiyədə yerləşdirməsinin Moskvaya NATO təyyarələrində istifadə edilən həssas və məxfi texnologiyaya çıxış imkanı verə biləcəyini bildirir.

Rusiyanın S-400 raket sistemi
Rusiyanın S-400 raket sistemi

ABŞ prezidenti Donald Trampın bu ay müdafiə xərclərinə dair imzaladığı qanunda Türkiyəyə F-35 qırıcılarının satışının ləngidilməsi nəzərdə tutulur.

Rusiya və Türkiyə 2015-ci ildə Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədi üzərində vurulmasından sonra iki ölkə arasında münasibətləri tədricən yaxşılaşdırıb. Ərdoğan və Putin 2016-cı ilin avqustun ayından bəri 11 dəfə görüşüblər. İki regional qüvvə arasında münasibətlərin yaxşılaşması Türkiyə vasitəsi ilə təbii qaz kəmərinə dair razılıq və Rusiyanın Türkiyədə atom elektrik stansiyası inşa etmək planlarını əhatə edir.

Türkiyə Suriyada prezident Bəşar Əsədə qarşı döyüşən qüvvələri dəstəkləsə də, onun hakimiyyətdən getməsi çağırışlarından geri çəkilib. Rusiya Suriyada vətəndaş müharibəsində Əsəd rejimini dəstəkləyib.

Lakin bəzi təhlilçilərin fikrincə, Putin və Ərdoğan Suriyada ümumi maraqlar tapsa belə, onların bir zamanlar Rusiya və Osmanlı imperiyalarının mövcud olduğu dövrlərdə münaqişələrə səhnə olmuş Qara dənizdən şimalda maraqlarının üst-üstə düşməsini gözləmək olmaz. Rusiyanın 10 il bundan əvvəl Gürcüstanla müharibəsi, 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynada hərbi mövcudluğu Türkiyənin Qara dəniz bölgəsində nüfuzu və mövqeyi üçün ciddi sınaqdır.

Türkiyənin Qara dənizdə mövqeyi Atatürkün birgə yaşayış konsepsiyasını özündə əks etdirir. Bu isə Türkiyə hökumətinin vəziyyətdən asılı olaraq, Rusiya və Qərb arasında seçim etməsinə imkan yaradır.

Türkiyənin Moskva ilə tərəfdaşlıq münasibətlərinin dəyişkən və böhranlı regionda nə qədər sürə biləcəyini demək buna görə çox çətindir. Lakin Putinin Rusiya təyyarəsinin vurulmasını “arxadan bıçaq zərbəsi” kimi təsvir etdiyi vaxtdan bəri son üç ildə iki ölkə arasında münasibətlər bu gün tam fərqli xarakter daşıyır.

XS
SM
MD
LG