Accessibility links

Fətulla Gülənin qardaşı oğlu ələ keçirilib


Türkiyə dövlət xəbər agentləri ABŞ-da yaşayan müsəlman din xadimi Fətulla Gülənin qardaşı oğlunun Türkiyə agentlərinin xaricdəki əməliyyatı zamanı ələ keçirilərək, mühakimə olunmaq üçün Türkiyəyə gətirildiyini bildirib.

Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Türkiyədə terror təşkilatına üzv olmaq ittihamı ilə axtarılan Səlahəddin Gülən Türkiyənin milli casus agentliyi MIT tərəfindən təşkil edilən əməliyyatda ələ keçirilib.

Xəbərdə onun harada ələ keçirildiyi və nə vaxt Türkiyəyə qaytarıldığı deyilməyib. Gülənin qardaşı oğlunun Keniyada yaşadığına inanılır.

Səlahəddin Gülən Türkiyə hökumətinin 2016-cı ildə baş tutmayan çevriliş cəhdində günahlandırdığı Gülən hərəkatı ilə bağlı məcburi geri qaytarılanlardan sonuncusudur.

FETO şəbəkəsi ilə əlaqədə olmaqda şübhəli bilinənlərin həbsi, Aprel, 2017
FETO şəbəkəsi ilə əlaqədə olmaqda şübhəli bilinənlərin həbsi, Aprel, 2017

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş müttəfiqi, hazırda Pensilvaniyada mühacirətdə yaşayan Gülən ona qarşı çevriliş cəhdində əli olmaqla bağlı ittihamları rədd edib.

Türkiyə Fətullahçı Terror Təşkilatı və ya FETÖ adlandırdığı Gülən şəbəkəsini terrorçu qrup kimi tanıyır.

May ayının əvvəlində Ərdoğan Gülən şəbəkəsinin tanınmış bir üzvünün ələ keçirildiyini bildirsə də, detalları açıqlamayıb.

2016-cı il iyul ayının 15-də Türkiyə ordusunun bəzi qrupları Ərdoğanı devirmək üçün tanklardan, döyüş təyyarələrindən və vertolyotlardan istifadə edib. Qırıcı təyyarələr parlamenti və Türkiyənin paytaxtında bəzi yerləri bombalayıb. Prezidentin çağırışı ilə minlərlə insan çevrilişin qarşısını almaq üçün küçələrə çıxıb.

Ümumilikdə 251 nəfər ölüb, 2200 nəfər yaralanıb. Çevriliş cəhdləri etdiyi iddia edilən 35 nəfərin də öldürüldüyü bildirilib.



XS
SM
MD
LG