Türiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Rusiyanın dəstəklədiyi hökümət qüvvələrinin Suriya üsyançılarının nəzarət etdiyi İdlib vilayətinə hücumunun kütləvi qırğınra səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Gündəlik Hürriyət qəzetinin bildirdiyinə görə, Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayətində vəziyyətdən danışan Türkiyə prezidenti "raketlərlə vurulsa, burada ciddi qətliam ola bilər" deyib.
Türkiyə cümə günü Tehranda Rusiya və İranın qatılacağı zirvə görüşündə iştirak edəcək. Müzakirələr zamanı İdlib mövzusunun prioritet olacağı gözlənilir. Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini istəyən üsyançıları dəstəklədiyi halda, İran və Rusiya rəsmi Dəməşqin tərəfindıdir.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura çərşənbə axşamı Türkiyə və Rusiya liderlərini onun düşündüyü kimi, sentyabrın 10-da başlana biləcək hücumun qarşısının alınması yolları ilə bağlı təcili danışıqlar aparmağa çağırıb. Çərşənbə günü İdlibə artilleriya zərbələri endirilib, çərşənbə axşamı günü isə oraya Rusiya və Suriyanın hava hücumları olub.
Stefan de Misturanın xüsusi müşaviri, norveçli diplomat və Osloda yerləşən Norveç Qaçqınlar Şurasının baş katibi Yan Eqalund bu barədə Amerikanın Səsinə məlumat verib.
30 ildir humanitar sahədə fəaliyyət göstərən Yan Eqalund bildirib ki, "Suriyada yaşanan əziyyətlərə yaxın bir hadisə 1990-cı illərdəki soyqırımları ilə müqayisə edilə bilər". O, bunu "beynəlxalq ictimaiyyətin vicdanı üzərində ləkə" adlandırıb və döyüşən tərəfləri münaqişəyə qan tökülməsi ilə deyil, danışıqlar və şüurlu yolla son qoymağa çağırıb.