Dünyanın ən qədim və ən böyük bazarlarından biri olan İstanbulun Qapalı Çarşısı koronavirusa görə bağlandıqdan 70 gün sonra yenidən açılıb. Bazarın bu ayın əvvəlində yenidən açılması hökumətin normallaşdırma səylərinin bir hissəsi olaraq atılan mühüm simvolik addımdır.
Burada ciddi sağlamlıq tədbirləri həyata keçirilir. Beş yüz illik bazara girən hər kəsin qızdırması ölçülür. Elanlar və işarələr vasitəsilə müştərilərə sosial məsafə saxlamaq və maska taxmaq xatırladılır.
Hər yerdə dezinfeksiyaedici dispenserlər quraşdırılıb və bu, İstanbulun ən populyar yerlərindən birinin açılmasının risksiz olmadığına işarədir. "Dünya boyu yayılan bu pandemiya çox riskli olduğuna görə biz qaydalara əməl etdik və bazar oyunun 1-də açılana qədər evlərimizdə gözlədik. İnanın, çox çətin oldu. Allaha şükür, sonda ikinci evimizə qayıtdıq. Bizim üçün əsas sağlamlıqdır, ondan sonra təhlükəsizlik və iqtisadiyyat gəlir" - deyə, Qapalı Çarşının idarə heyətinin sədri Fatih Kurtulmuş bildirir.
Normal vaxtlarda olduğu kimi gündə 150 min olmasa da, müştərilər yavaş-yavaş geri qayıdır. Alış-veriş edənlər arasında iki həkim də var. Pandemiyanın səbəb olduğu yoluxmalar və ölüm hallarının azalması İstanbul xəstəxanalarına təzyiqləri azaldıb və bu bazar kimi ictimai yerlərin yenidən açılmasına imkan verib. Doktor Tugba Gəmsiz: "Çox uzun müddətdən sonra buraya qayıtmağımızdan məmnunuq."
Doktor Müge Komürcuoğlu: “Biz uzun müddətdir İstanbulda yaşayırıq. Heç vaxt Qapalı çarşıının bağlandığının şahidi olmamışıq. Onun açılması həqiqətən yaxşı bir şey oldu.”
Virusun qarşısının alınması səylərinin bir hissəsi olaraq toy mərasimlərinə qoyulan iki aylıq qadağanın aradan qaldırılmasından sonra çarşıdakı çoxsaylı zərgərlik dükanlarında kiçik də olsa bir canlanma yaşanır. Zərgərlik Mağazasının Meneceri Gökhan Şimşək: “Dostlarımdan və ailəmdən bilirəm ki, çoxları may ayında toylarını təxirə saldı. İndi bütün bu toy mərasimləri keçiriləcək və buna görə müştəri axını başlayacaq. Qızıl almaq istəyənlər buraya qayıdacaq. Alış-verişin çox olacağını gözləyirik."
Yerli müştərilər yavaş-yavaş geri qayıtsalar da, Çarşıda turist yoxdur. Bəzi mağaza sahibləri mağazalarını açmaq fikirləri belə yoxdur, çünki bazardakı dörd min dükanın qazancının yarısını turizmdən gələn gəlir təşkil edir. Türkiyənin dünya boyu məşhur xalçalarının satıcılarının əsas müştəriləri turistlərdir. “Biz tez bağlayırıq. Müştəri olmadığı üçün bəzən üçdə, bəzən dördün yarısında bağlayırıq. Gələn yoxdur, çünki alveri əsasən turistlərlə edirik" - deryə, Həsən Can bildirir.
Bu həftə İstanbula bir neçə beynəlxalq uçuşun bərpa olunması isə çarşı üçün yaxşı xəbər oldu.