Accessibility links

Türkiyə hökuməti koronavirus göstəricilərini olduğundan az göstərməkdə ittiham olunur


Türkiyə həkimləri və yerli siyasətçilər hökumətin yenidən sürətlənən koronavirus epidemiyasının miqyasını azaltmasından narahat olduqlarını dilə gətirir. Son rəsmi məlumatlar ölkə daxilində hər gün təxminən 1700 yeni yoluxma, 60 ölüm halının olduğunu göstərir. Lakin həkimlər bu rəqəmlərin məntiqə uyğun gəlmədiyini deyir.

Rəsmi məlumatlara əsasən, Türkiyənin Anadolu regionunun Şanlıurfa şəhəri Türkiyədə ikinci koronavirus dalğasından ən çox zərər görən şəhərlər arasındadır. Lakin oradakı həkimlər vəziyyətin hökumətin dediyindən daha pis olduğunu bildirir.

Kənan Gengeç şəhərin mərkəzindəki bir klinikanın rəhbəridir:

“Bu aralar onlar rəsmi olaraq ölkə boyu gündəlik 1500 yoluxma halı olduğu barədə məlumatlar yayırlar. Lakin elə gün olur ki, yalnız Şanlıurfada 600-700 yoluxma qeydə alınır və bu o demədir ki, onların dedikləri rəqəmlər səhvdir” - deyə, o bildirir.

Türkiyənin iki böyük şəhəri - İstanbul və Ankaranın merləri də iki həftə əvvəl bənzər narahatlıqları dilə gətiriblər. Onlar Səhiyyə Nazirliyinin statistikası ilə yerli mənbələrdən alınan rəqəmlər arasında uyğunsuzluğun olduğu barədə xəbərdarlıq edib. Hər iki mer müxalif Xalq Cümhuriyyəti Partiyasının üzvüdür.

Doktor Gengeç hökumətin iqtisadiyyata dəyən ziyanı məhdudlaşdırmağa çalışdığını düşünür.

“Turizm mövsümüdür və bu səbəbdən də onların iqtisadi narahatlıqları var. Onlar xalqın qəzəblənəcəyindən narahatdır və uğursuzluqlarını bu qədər yüksək rəqəmlərlə göstərmək istəmirlər. Beləliklə, düzgün məlumat vermirlər.”

Türkiyənin Səhiyyə Nazirliyi və Şanlıurfa vilayətinin qubernatoru Amerikanın Səsinə müsahibə verməkdən imtina edib.

Şanlıurfa sakinləri də hökumətin açıqladığı rəqəmlərə şübhə ilə yanaşır.

"İnanıram ki, həqiqi göstəricilər deyilənlərdən daha yüksəkdir" - deyə, Şanlıurfa sakini Mustafa Uma bildirir.

Türkiyə koronavirsla bağlı göstəriciləri ört-basdır etdiyini inkar edir. Son günlər yoluxma hallarının artmasından sonra hökumət yeni məhdudiyyətlər tətbiq etməyə başlayıb. Artıq evdən kənara çıxdıqda üz maskası taxmaq məcburidir və toy kimi ictimai tədbirlər bir saatla məhdudlaşır.

XS
SM
MD
LG