Accessibility links

'Bu keçəcək': Xərçəng xəstəliyi ilə mübarizə aparan türkiyəli bloger koronavirusla bağlı nikbindir


Demet Işıl Yılmaz

İnstaqramda on minlərlə izləyicisi olan Dəmət İşıl Yılmaz koronavirus pandemiyası püskürən zaman artıq kimyaterapiyası kursunun yarısını keçmişdi və bu pandemiya onu sağlamlığı uğrunda mübarizəsini daha da gücləndirməyə məcbur edib.

İmmun sistemi zəiflədiyi üçün 31 yaşlı türk ana üç həftə sonra keçəcəyi radio-terapiyaya gedən yoldan, seanslara necə qatılacağından və özünü virusdan necə qoruyacağından narahatdır.

"Mən COVID-19-la ən pis vaxtda, hər kəsin immun sistemini qorumaq üçün çalışdığı bir vaxtda qarşılaşdım" - deyə, Dəmət Reuters xəbər agentliyinə verdiyi müsahibəsində bildirib.

Əlavə təhlükəyə baxmayaraq, o, hərbi kampaniyadan daha çox ortaq bir çağırışa bənzətdiyi pandemiyadan sağ çıxmaq əzmindədir.

“Düşünmürəm ki, korona mənim düşmənimdir. Düşünmürəm ki, bu, bizim düşmənimizdir. Bununla yaşamağı öyrənməliyik. Bunu heç kim seçməyib və biz bunu öyrənəcəyik" - deyir, Dəmət.

Bu günə qədər virus Türkiyədə 1500-dən çox insanın ölümünə səbəb olub və qeydə alınan yoluxma halları 70 mindən çoxdur.

Səhiyyə Nazirliyi pandemiya zamanı xərçəng xəstələrini müalicə edən xəstəxanalara xərçəng xəstələrini ayrı palatalarda saxlamalarını və xəstəxananın koronavirus xəstələrinin olduğu hissələrində olan həkimlərin onlardan uzaq tutmaları barədə göstəriş verib.

Alınan tədbirlərə baxmayaraq, bəzi xəstələr xəstəxanaya getməyin də onları risk altına qoyacağından narahatdır.

"Bəzi xəstələr var ki, həkimlər onlara kimyaterapiyasına getməli olduqlarını deyir, amma onlar artıq xəstəxanalara getməkdən çəkinirlər" - deyə, Xərçənglə Mübarizə Fondunun sədri Əsli Ortakmac bildirib.

2002-ci ildən bəri bir neçə xərçəng növündən müalicə alan Aysel Pesən COVID-19 və digər xəstələrin birlikdə müalicə olunduğu reanimasiya şöbələrindən narahat olduğunu deyir. "Kimyaterapiyası alan xəstələr bəzən İntensiv Terapiya şöbəsinə getməli olur və bu narahatlıqlara səbəb olur."

İnstaqram izləyicilərinə qarşı göstərdiyi qətiyyətinə baxmayaraq, Dəmət Yılmaz gələcəkdə onu gözləyən qeyri-müəyyən dövrdən qorxduğunu deyir.

XS
SM
MD
LG