Türkiyənin ən populyar məkanlarından bəzilərininin məhv olmasına səbəb olan meşə yanğınları ölkənin bir ildən çoxdur COVID-19 pandemiyası səbəbindən tənəzzülə uğrayan turizm sektorunun bərpasına mane oldu.
Yanğınlar səbəbindən Bodrum və Marmaris kimi şəhərlərdə turistlər və yerli əhalini kütləvi şəkildə evakuasiya etmək məcburiyyətində qalındıqca sahil bölgələrdəki xoşbəxt çimərlik sahnələri qorxulu yuxuya çevrilir.
Türkiyə yanğınsöndürənləri səkkizinci gündür qeyri-adi yüksək temperatur və güclü küləklərin səbəb olduğu alovlarla mübarizə aparır. Yanğınlar azı səkkiz nəfərin ölümünə səbəb olub və çoxu fermer olan sakinləri qaçmağa məcbur edib.
Fiziki itkilərdən başqa, iqtisadi təsirlər də artıq baha başa gəlir.
Aralıq dənizində qayıqla gəzintilər təşkil edən turizm agentliyi Bodrum Tour-dan Hüseyin Aydın "dəhşətdir" deyib. "Qayıq turlarının bütün marşrutları ləğv edildi və gələn il də ləğv ediləcək, çünki turlarımızın bütün görməli yerləri tamamilə yanıb" - deyə, o bildirib.
Aydın Amerikanın Səsinə bildirib ki, onun işlədiyi şirkəti ya başqa turizm müəssisələrinə keçməli olacaq, ya da tamamilə bağlanma riski qarşısındadır.
Türkiyə pandemiya başlayandan bəri beynəlxalq turizm məkanı olaraq qalmağa çalışdı, ölkəyə daxil olmaq üçün yalnız mənfi COVID-19 testi tələb etdi, xarici turistləri komendant saatı və ölkə daxilində səyahət məhdudiyyətləri kimi bəzi məhdudiyyətlərdən azad etdi.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi xaricdən gələn turistlərin sayının 2019 -cu ilin iyun ayında 5 milyondan çox olduğu halda, bu ilin iyun ayında 2 milyondan bir az artıq olduğunu bildirib.