Liviyadakı hərbi varlığına görə Türkiyəyə beynəlxalq təzyiqlər artmaqdadır.
Türkiyə Rusiya və Sudan muzdluları tərəfindən dəstəklənən general Xəlifə Haftarın qüvvələrinə qarşı döyüşündə Liviya Milli Saziş Hökümətini dəstəkləmək üçün Liviyaya yüzlərlə əsgər və minlərlə suriyalı döyüşçü göndərib.
Hazırda qüvvədə olan atəşkəs və dekabr ayına təyin edilmiş seçkilərlə Yunanıstan Milli Müdafiə Kollecinin müəllimi Aya Buryeyla bütün xarici qüvvələrin çıxması üçün təzyiqlərin artırılmalı olduğunu deyir.
"İstər Türkiyə, istər Rusiya, istərsə də Sudan olsun, bütün xarici qüvvələrin Liviyadan çıxarılması üçün BMT Təhlükəsizlik Şurasının iki qərarı var. Ölkədə siyasi vəziyyət çox dəyişib. Türkiyənin Liviyanın Aralıq dənizindəki mövcudluğunu artırır. düşünürəm ki, Avropa İttifaqı və ABŞ Türkiyənin Liviyadakı niyyətlərindən olduqca narahatdır" - deyə, o bildirib.
Ankara hərbi qüvvələrinin Liviyaya ölkənin beynəlxalq səviyyədə tanınmış hökumətinin dəvəti ilə yerləşdirdiyini israr edir. Lakin Liviyanın xarici işlər naziri Nəjla Əl-Manquş Türkiyə qüvvələri də daxil olmaqla, bütün xarici döyüşçüləri ölkəni tərk etməyə çağırıb.
Türkiyə artıq Liviyada hərbi hava bazası yaradıb və Türkiyə mediası Ankaranın bu ölkədə hərbi dəniz bazasını da yaratmağa çalışdığını bildirib.
Türkiyənin Liviyada artan hərbi varlığı regionda təsirini artırmaq üçün Türkiyə ilə ən çox rəqabət aparan Fransa tərəfindən sərt tənqidlərə səbəb olub.
ABŞ Müdafiə Nazirliyinin keçənilki hesabatında Türkiyənin Liviyaya minlərlə suriyalı muzdlu döyüşçü göndərdiyi bildirilib. Ankara Liviyada yerləşdirilən suriyalı döyüşçülərin cihadçı qruplarla əlaqəsi olduğunu inkar edir.
Türkiyə hazırda həm Vaşinqton, həm də Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmağa çalışır və Ankara Liviya ilə əməkdaşlığı təsir vasitəsi kimi görür.
Türkiyə prezidentinin müşaviri Məsut Caşin bütün xarici qüvvələr Liviyadan çəkilərsə, hökumətinin də öz qüvvələrini geri çəkilməyə hazır olduğunu deyib.