Accessibility links

Türkiyə Müdafiə Nazirliyi: Rusiya-Türkiyə Birgə Mərkəzi qısa zamanda Ağdamda fəaliyyətə başlayacaq


Azərbaycana Türkiyə dəstəyi

“Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün Azərbaycan və Rusiyanın koordinasiyasında işlər davam etməkdədir”.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat bülletenində bildirilir.

Məlumatda deyilir ki, Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərində təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi davam etdirilir.

“Azərbaycan Ordusuna dəstək məqsədilə 135 nəfərdən ibarət 2 Xüsusi Mina Təmizləmə Qrupumuz mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Digər tərəfdən partlayıcıların axtarışı və məhv edilməsi üçün hər birində 3 nəfər olmaqla 12 komanda və 64 nəfər təlim-tədrisə dəstək verməkdədir,” Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edir.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

Münaqişə zonasında Azərbaycan, Rusiya və Türkiyə minatəmizləyənləri işləyir. Belə ki, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri hazırda ermənilərin yaşadığı ərazilərdə və humanitar dəhlizdə, Azərbaycan və Türkiyə hərbiçilərindən ibarət minatəmizləyənlər və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) isə digər ərazilərdə minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin hesablamalarına görə, münaqişə zonasında 50 mindən 100 minədək mina basdırılıb. Müşahidəçilərin qənaətincə, minalar ən çox Tərtər, Ağdam və Füzuli istiqamətində basdırılıb.

ANAMA-nın direktoru Qəzənfər Əhmədov Amerikanın Səsinə bildirib ki, münaqişə zamanı yaradılmış müdafiə zolağının birinci, ikinci, üçüncü eşelonu ən böyük minalanmış ərazilərdir.

“Həmin ərazilərdə piyada əleyhinə minalar, PMN, PMN-2, OZM-72 və başqa minalar basdırılıb. Bundan əlavə PMN-Э markalı az metal tərkibli minalar, tank əleyhinə minalar, TM-57, TM-62P, TM-62P2, TM-62P3, TM-62M və başqa minalar basdırılıb,” o qeyd edib.

Qəzənfər Əhmədovun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən minaların təmizlənməsi üzrə prioritetlər təyin olunub.

“Həmin prioritetlərə görə birinci dərəcəli yollar, elektrik xətləri, su təminatı, dövlət mülki əhəmiyyətli obyektlər və başqa ərazilər təmizlənilir. Ondan sonra ikinci dərəcəli prioritetlər hansı ki, evlər tikiləcək, şəhərlər, qəsəbələr salınacaq ərazilər təmizlənəcək. Üçüncü dərəcəli, camaat köçürüləndən sonra yaşamaq və işləmək üçün əkin sahələri, otlaq sahələri təmizlənəcək. Axırıncı prioritet meşə sahələri, dağlıq ərazilər, mülki şəxslərin hərəkət edəcəyi ərazilər təmizlənəcək,” ANAMA direktoru Amerikanın Səsinə bildirib.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri ərazilərin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

“Son bir gündə 23 hektar ərazi və 5 kilometr yol partlayıcı maddələrdən təmizlənib. Ümumilikdə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 218 hektar ərazini, 92 kilometr yolu, 423 tikintini minalardan təmizləyib. 7800-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib,” nazirliyin məlumatında deyilir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG