Accessibility links

Türkiyə Makronun 24 apreli erməni soyqırımının xatirə günü elan etməsini “siyasi manipulyasiya” adlandırır


Türkiyə Fransa prezidenti Emmanuel Makronun 24 aprelin erməni soyqırımının xatirə günü elan edilməsi qərarını “siyasi manipulyasiya” adlandıraraq pisləyib.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, “öz ölkəsində siaysi problemlərlə üzləşən Makron fürsətçilik edir və siyasi kapital qazanmağa çalışır”.

Kalının bu bəyanatından bir gün əvvəl verilən xəbərdə deyilirdi ki, Fransa prezidenti Emmanuel Makron 24 apreli “erməni soyqırımının ölkə boyunca anım günü” elan edib.

Makron bu bəyanatı fevralın 5-də Fransanın erməni icmasının təşkil etdiyi illik şam yeməyi zamanı verib.

Bu, Makronun 2017-ci ilin seçki kampaniyası zamanı verdiyi vədlərindən biri idi.

Prezident deyib ki, Fransa “erməni xalqının Osmanlı imperiyasında qatil təqibini pisləyən” ilk ölkələrdən biri olub.

Şam yeməyini Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası təşkil etmişdi. Bu mərasim hər il keçirilir.

Fransa I Dünya Müharibəsi illərində iddia olunduğuna görə 1, 5 milyon erməninin osmanlılar tərəfindən qətliam və deportasiya edilməsini 2001-ci ildə rəsmən “soyqırım” kimi tanıyıb.

Almaniya da daxil olmaqla, 22 ölkə bunabənzər addım atıb.

Ermənistan bildirir ki, ermənilərin kütləvi qırğını “müasir tarixdə soyqırımın ilk nümunələrindən biridir” və nasist Almaniyasında II Dünya Müharibəsi zamanı 6 milyon yəhudiyə qarşı törədilən Holokostdan əvvəl baş verib.

Türkiyə bu ittihamları qəbul etmir və bildirir ki, ölənlərin sayı iddia edildiyindən qat-qat az olub və hadisələr Osmanlı hökuməti tərəfindən planlaşdırılmış və sistematik həyata keçirilən akt olmayıb.

Kalın deyib ki, “qondarma soyqırım hüquqi bazası olmayan siyasi yalandan” başqa bir şey deyil: "Kimsə bizim tariximizə qara yaxa bilməz”.

XS
SM
MD
LG